“Bu səbəbdən Masazır tribunasında azarkeş az idi” – “Sabah Arena” bu dəfə niyə boş qaldı?

11.11.2026 20:00 45
Ölkə futbolu / Manşet
“Sabah”ın işləri nə premyer-liqada qaydasında gedir, nə də Çempionlar Liqasında.

“Bayquşlar” elitada son 3 matçda qalib gələ bilməyib, qitənin ən nüfuzlu klub turnirində isə 4 görüşdə cəmi 3 xal qazanılıb. Düzdü, bəlkə də məhz bu məqam paytaxt təmsilçisinin 11-ci turda “Şamaxı”nı qəbul etdiyi matçda stadiona cəmi 937 tamaşaçının təşrif buyurmasına səbəb oldu. Ancaq burda başqa məqamları da nəzərə almağa dəyər. Azı ona görə ki, oyunun keçirildiyi gün – noyabrın 8-də Bakıda güclü və instensiv yağış yağır, külək əsirdi. Temperatur isə 12-14 dərəcə aralığında dəyişirdi.

Bununla belə, rəqib “Şamaxı” idi. Əlbəttə, çempionluq uğrunda mübarizə aparan və matçın favoriti sayılan “Sabah” istənilən rəqibə yuxarıdan aşağı baxmamalıdı. Lakin “bayquşlar”ın bu matçda qalib gələcəyinə şübhə ilə yanaşmayan xeyli tərəfdarı var idi. O başqa məsələ ki, meydan sahibləri sonda 2:2 hesablı heç-heçə ilə razılaşmalı oldu.

Həmçinin 9-cu turda “Qarabağ”a qarşı görüşdə “Sabah Arena”dakı Masazır tribunasını dolu görmüşdük. Bu dəfə isə həmin oturacaqlarda cəmi 10 nəfər əyləşmişdi. Belədə artıq Masazır əhlinin “bayquşlar”dan üz çevirdiyini düşünə bilərik? Bəlkə klub bu dəfə onlar üçün avtobus ayıra bilməyib? Ümumiyyətlə, “Sabah” “Şamaxı” ilə qarşılaşmada azarkeş sayının azlığını nə ilə əlaqələndirir? Bunda stadion dəyişikliyinin də payı varmı?

Bu suallarla bakılıların mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Azarkeş sayındakı fərqi stadion dəyişikliyindən daha çox oyunlara olan maraq və hava şəraiti ilə əlaqələndirirəm. Masazırdan olan azarkeşlərimiz üçün avtobuslar ayrılmışdı. Sadəcə, onların bir hissəsi “Soldati di Sabah” fanklubu üçün ayrılan sektorda əyləşdi. Bu səbəbdən Masazır tribunasında azarkeş az idi”.

KƏNAN BAHADIR