Mbappe yığmanın düşərgəsində yenə problemlə üzləşib

11.11.2026 20:54 0
Dünya futbolu
Millətlər Liqasında İtaliya, Belçika və Türkiyə ilə eyni qrupda yer alan Fransa yığmasında Kilian Mbappedən yenə narahat doğuran xəbərlər gəlməkdədi. Komandanın kapitanı, lideri və əsas qol silahı olan Mbappe İtaliya ilə oyunöncəsi son məşqdə iştirak etməyib. ''Ekip'' nəşrinin yazdığına inansaq, günü yığmanın tibbi personalının nəzarətində keçirən ulduz futbolçu İtaliya ilə noyabrın 12-də baş tutacaq oyunu buraxmalı olacaq. Maraqlıdı ki, ''Real''ın son matçlarında heç bir problem yaşamadan iştirak edən təcrübəli futbolçunun konkret hansı zədədən və ya problemdən əziyyət çəkdiyi barədə məlumat verilmir. Mbappe ötən ''pəncərədə'' də sentyabrın 25-də Türkiyə ilə səfər oyununda (1:0) zədələnmiş və Belçikaya qarşı hər iki oyunu (səfərdə 1:0, evdə 4:1), eləcə də İtaliyaya qarşı ev oyununu (1:1) buraxmalı olmuşdu. Fransızların cari ML macərası noyabrın 15-də evdə Türkiyəyə qarşı oyunla başa çatacaq. Mbappenin hələ ki həmin qarşılaşmada iştirak edib-etməyəcəyi barədə dəqiq məlumat yoxdu. Ancaq Fransa İtaliyanı yensə, artıq pley-offu özü üçün təmin etmiş olacaq və Türkiyəylə oyun da komanda üçün formal xarakter daşıyacaq. Belə olacağı təqdirdə böyük ehtimalla Mbappe həmin oyunu buraxacaq.