“Barselona” və İspaniya yığmasının vingeri küçədə adamlara qulaqcıq paylayarkən Azərbaycanla Qazaxıstanı səhv salıb. Hədiyyə aksiyası çərçivəsində “qızıl bilet” də hazırlanıb. Həmin biletin sahibi Çempionlar Liqası matçına iki bilet və Yamalın imzaladığı bir cüt buts qazanacaq. Qalibin hansı oyuna gedəcəyi soruşulanda futbolçu Qazaxıstanın adını çəkib:
“Seçim məndə olsaydı, onlara Qazaxıstandakı oyuna bilet verib ora göndərərdim. Qazaxıstandakı oyuna getsinlər”.
Qazaxıstan mediası isə “Barselona”nın təqviminə əsaslanaraq Yamalın əslində Azərbaycanı nəzərdə tutduğunu yazıb. Kataloniyalıların Çempionlar Liqasındakı növbəti səfər oyunu Bakıda keçiriləcək – onlar noyabrın 25-də “Sabah”ın qonağı olacaq.
Onsuz da Azərbaycan çempionu üçün heç bir turnir hədəfi qalmayıb. Amma görürsüzmü, Allah-taala heç nədən hədəf müəyyənləşdirir. Qoy “Sabah” həmin gün Yamala Azərbaycanı tanıtmaq üçün oynasın. Təbii ki, mən bu sözün yaxşı mənasını nəzərdə tuturam. Yəni “Sabah” dünya nəhəngindən xal alsın, ya da ən azı elə müqavimət göstərsin ki, Yamalın gözü kəlləsinə çıxsın. Belə olsa, Lamin yenidən orta məktəbin “Coğrafiya” kitabını qabağına atıb, xəritəyə baxacaq. Yox, “Sabah” biabırçı hesabla uduzsa, nə kitabın üzü açılacaq, nə də Lamin ölkəmizi düz-əməlli tanıyacaq.
O başqa məsələ ki, Yamal Bakıya gəlməyə də bilər, yəni biz dünya futbolunun ulduzuzunu gül camalına həsrət qalarıq. Axı onu yığma səviyyəsində iki, klub səviyyəsində bir oyun gözləyir.
ORXAN





