''Fənərbaxça'' Kuytla bağlı qərarını verdi
Dünya futbolu
İsmayıl Kartal ilə yollarını ayırdıqdan sonra Əmrə Belözoğlu ilə anlaşan ''Fənərbaxça''da Dirk Kuytun aqibəti nəhayət, bəlli oldu. Mövsümün əvvəlindən bu yana məşqçilər korpusunda yer alan niderlandlı mütəxəssis Kartalın istefasından sonra iki rəsmi oyunda komandanın başında yer almışdı. Onun başçılığı altında ''Fənər'' superliqada evdə ''Göztəpə''yə 1:2 uduzmuş, Çempionlar Liqasında isə evdə ''Liverpul'' üzərində 3:2-lik mühüm qələbə qazanmışdı. Kuytun yenə məşqçilər korpusuna daxil olaraq bu dəfə Belözoğlunun köməkçisinə çevriləcəyi gözlənilirdi. Elə o özü də köməkçi kimi klubda işini davam etdirmək arzusunda olduğunu dilə gətirmişdi. Bir ara Kuytun ''Fənər''in aşağı yaş qruplarından ibarət komandalarından birinin başına gətiriləcəyi də iddia edilmişdi. Ancaq bu iddiaların heç biri təsdiqini tapmayıb. Klubdan verilən rəsmi açıqlamada 46 yaşlı mütəxəssislə yolların ayrıldığı qeyd olunub. ''Fənər'' ona əməyinə görə təşəkkür edərək gələcək karyerasında uğurlar arzulayıb. Beləliklə, daha öncə futbolçu kimi 3 mövsüm ''sarı-lacivərdlilər''də forma geymiş və hətta çempionluq sevinci də yaşamış Kuytun məşqçi kimi isə Türkiyə macərası heç yarım mövsüm də çəkmədi.





