Əziz Yıldırım və İsmayıl Kartal eyni anda qəzaya düşdü!

28.10.2026 13:29 18
Dünya futbolu
Məlum olduğu kimi dünən ''Fənərbaxça'' camiəsində çox hərəkətli saatlar yaşandı. Baş məşqçi İsmayıl Kartal ''Can Bartu'' bazasına gələrək psixoloji cəhətdən yorulduğunu dedi və istefa verdi. Onun istefası idarə heyəti tərəfindən qəbul olundu.

Bazada bir neçə saatlıq dəyərləndirmələrdən sonra başqan Əziz Yıldırım, yönəticilər və İsmayıl Kartal öz maşınında ordan ayrıldı. Komandanın üzərində sanki bir lənət var. Bu, tək nəticələrdə və uzun müddətli çempionluq həsrətində özünü göstərmir. Dünən bazadan ayrıldıqdan sonra həm başqan Əziz Yıldırım, həm də İsmayıl Kartal öz maşınında yüngül qəzaya düşdü!

Yıldırım sağ əli Mahmut Uslu ilə birlikdə öz ''Renc Rover'' markalı maşını ilə bazadan çıxarkən arxadan yüngülcə başqa bir maşına çırpıldı. Bu görüntülər sosial şəbəkədə sürətlə yayıldı.

Maraqlıdı ki, Yıldırım maşından düşməyə ehtiyac görmədi və təxminən 5 saniyə saxladıqdan sonra maşını ilə ordan uzaqlaşdı. Türkiyə mənbələrinin yazdığına görə başqan digər maşına dəyən ziyanı tam ödəməyi öhdəliyinə götürüb.

Qəribədi ki, bu hadisədən bir müddət sonra Kartalın da öz maşını ilə qəzaya düşməsi barədə xəbər gəldi! O, ''Anadolu Kavağı'' adlanan ərazidəki evinə doğru hərəkət edərkən qəzaya düşdü. Qəzanın detalları bəlli olmasa da, məşqçinin xəsarət almadığı bildirilir. Ancaq onun maşınına müəyyən ziyan dəyib.