''Fənərbaxça'' 18 illik fasilədən sonra ilk dəfə oynamağa haqq qazandığı bu turnirə 1 xalla start verdi. Belə ki, İstanbul nəhəngi öz meydanında İtaliya təmsilçisi ''Roma'' ilə 1:1 bərabərə qaldı. Qonaqlar fasiləyə üstün yollansalar da, ikinci hissənin əvvəllərində Arçi Braunun qolu yekun nəticəni müəyyənləşdirdi. Amma əsas həngamə oyunsonrası mətbuat konfransında qopdu. Belə ki, baş məşqçi İsmayıl Kartal sürpriz şəkildə istefa verdiyini açıqladı! O, köməkçiləri ilə birlikdə klubun önünü açmaq üçün belə qərar qəbul etdiyini vurğuladı. Bu açıqlamadan dərhal sonra diqqətlər Əziz Yıldırıma yönəldi.
Başqan jurnalistlər önünə çıxaraq istefanın qəbul edilmədiyini və Kartalın işinə davam edəcəyini dedi:
''Bu camiənin dəyərlərinə heç kim sahib çıxmır. Hər kəs sakit və səbrli olsun. Mayda çempion olacağıq. İsmayıl Kartala tribunadan su şüşəsi atdılar. Ona görə də çox üzgündü. O, işinə davam edəcək. Amma camiə də məşqçisinə sahib çıxmalıdı. Bu gün yaxşı oynadıq və 1 xal qazandıq. Pley-offa yüksələ bilərik. İsmayıl Kartalın ''davam edəcəm'' deməsinə ehtiyac yoxdu. Mən onun böyüyüyəm və dedim ki, davam edəcək. Biz bir ailəyik. Mən burdan gedənə qədər İsmayıl Kartal bu komandanın məşqçisi olacaq''.
Yeri gəlmişkən, ''Fənər'' Kartala su şüşəsi atan azarkeşin tapıldığını və məsuliyyətə cəlb olunduğunu açıqlayıb. Həmin fanat müəyyən müddət stadionlara buraxılmayacaq.






