''Fənərbaxça''nın baş məşqçisi İsmayıl Kartalın ''Roma'' ilə qarşılaşmanın ardından sürpriz şəkildə istefa verdiyini, başqan Əziz Yıldırımın isə bu istefanı qəbul etmədiyini xəbər vermişdik.
Yıldırımın jurnalistlərlə söhbətindən belə aydın olmuşdu ki, matçın gedişində bir fanatın tribunadan Kartala tərəf su şüşəsi atması məşqçini o qədər məyus etdi ki, o, oyundan sonra istefa verdi.
Bu mövzu gün ərzində Türkiyə mətbuatının gündəmini zəbt etdi. Düşünmək olardı ki, Əziz Yıldırım asanlıqla təcrübəli məşqçini fikrindən daşındıracaq. Amma heç də belə olmadı. Komanda günorta məşqinə Dirk Kuytun başçılığı altında çıxdı. İsmayıl Kartal isə bütün telefonlarını söndürərək qeybə çəkildi. Halbuki Kartal hər gün səhər saatlarından bazada olurdu. Rəhbərlik onunla əlaqə saxlaya bilməyincə məşq davam etdiyi bir vaxtda idman direktoru Oğuz Çətin özü şəxsən onunla söhbətə yollandı.
Kartal adətən boş vaxtlarını Beykoz Anadolu Kavağında keçirir və bu dəfə də Çətin onu məhz həmin ərazidə yaxaladı. Ancaq iki saatlıq söhbət Kartalı fikrindən daşındırmaq üçün yetərli olmadı və o, istefadan dönmədi.
Beləliklə, ''Fənərbaxça''da 4-cü İsmayıl Kartal dönəmi başa çatdı. Ən qısa müddətdə rəsmi açıqlamanın veriləcəyi gözlənilir. Yeni baş məşqçinin axtarışlarına dərhal start verilib. Aykut Kocaman, Vinçentso Montella və Antonio Konte hələlik ilkin namizədlərdi.
Komanda bazar ertəsi ''Qaziantep''lə oyuna Dirk Kuytun başçılığı altında çıxacaq. Yeni məşqçi ilə bağlı ciddi addımların isə gələn həftə atılacağı gözlənilir.
Kartal istefa qərarından dönmədi! - ''Fənərbaxça'' məşqçi axtarışına başladı
Dünya futbolu





