Belə ki, meydan sahiblərinin futbolçusu Samuel Nonqo 68 və 80-ci dəqiqələrdə iki sarı vərəqə alsa da, meydandan qovulmayıb. Hətta kamerunlu əlavə vaxt başlayanda Ehtiram Şahverdiyevlə əvəzlənib. Sonradan meydana daxil olan oyunçu isə penalti seriyasında İştirak edib. Üstəlik, bütün bu məqamlar PFL-in saytında dərc edilən protokolda qeyd olunub.
“Football-plus.az” olaraq, “Zirə”nin qələbəsinin legitim olmadığını, belə hallarda matçın yenidən keçirilməli olduğunu yazmışıq. Bəs, PFL-in bu məsələ ilə bağlı mövqeyi necədi?
Qurumun Media və Marketinq direktoru Sənan Abdullayevin yerli futbol ictimaiyyətini maraqlandıran suala cavabı:
“Əsasnamənin 19-cu maddəsinin 16-cı bəndində deyilir ki, hakim ikinci sarı vərəqə verdiyi halda futbolçunu meydandan qovmağı unudursa və ya bir neçə dəqiqədən sonra səhvə yol verdiyini xatırlayıb gec də olsa, həmin futbolçunu meydandan qovursa, bu barədə AFFA İntizam Komitəsinə məlumat verilir. Peşəkar Futbol Liqası olaraq buna uyğun davranacağıq”.
Xatırladaq ki, matç "qartallar"ın penaltilər seriyasında qələbə qazanması ilə nəticələnib.
KƏNAN BAHADIR





