Kandidonun “Sumqayıt”ı “zirzəmi”də - azarkeşlər nə deyir?

4.09.2026 17:00 4
Ölkə futbolu
Misli premyer-liqasında yeni mövsümə uğursuz başlayan komandalar sırasında “Sumqayıt” da var. “Neftçi” ilə “Qarabağ”a uduzan “gənclik şəhəri”nin təmsilçisi sonuncu sırada qərarlaşıb. Düzdü, kollektivin ehtiyatda “Sabah”a qarşı oyunu da var. Ancaq bu görüşdə də favorit “bayquşlar”dı.

Hadisələrin belə axarı “Sumqayıt” üçün ümid verirmi? Yeni baş məşqçi Filipe Kandido işinin öhdəsindən gələ biləcəkmi?

Bu suallarla komandanın ən böyük fanklubu “Kimyaçılar”ın rəhbəri Sənan Mirzəyevə müraciət etdik:

“Məlumdu ki, komanda yenidən qurulub. Bizcə, transferlər normaldı. Sadəcə, uyğunlaşma üçün vaxt lazımdı. İnanırıq ki, 3-4 tur sonra hər şey yaxşı olacaq. “Neftçi” və “Qarabağ”a qarşı oyunlarda ümid qığılcımları gördük. Düşünürük ki, komanda daha böyük uğurlar qazanacaq. Hələ ki səbrli olmalıyıq. Əlbəttə, bu gün çatışmayan cəhətlər var. Bu da məşqçinin fəaliyyətindən asılıdı. Filipe Kandidodan narazılığımız yoxdu. Kəsəsi, ümidliyik”.

Xatırladaq ki, “Sumqayıt” 4-cü turda “Turan Tovuz”un qonağı olacaq. Sentyabrın 6-da keçiriləcək qarşılaşma saat 18.00-da start götürəcək.

KƏNAN BAHADIR