“Sabah”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Orhus”la cavab görüşündən öncə iki klubun azarkeşləri arasında yaşanan insidentlə bağlı məlumat vermişdik. Hadisə avqustun 11-də, Masazırda yerləşən “Bank Respublika Arena”nın qarşısında, qarşılaşmaya təxminən iki saat qalmış baş vermişdi. Qarşıdurmada hər iki komandanın tərəfdarlarının iştirak etmişdi.
İnsidentdən sonra “Orhus” hadisə ilə bağlı UEFA-ya müraciət edib. Danimarka klubunun idman direktoru Yakob Nilsen təxminən 40-50 nəfərlik “Sabah” azarkeşinin qonaq komandanın fanatlarının olduğu avtobusun qarşısını kəsərək onlara hücum etdiyini, hadisənin planlaşdırılmış ola biləcəyini dilə gətirmişdi. Təhlükəsizlik kameralarından əldə olunan görüntülər yayılandan sonra insidentin başqa cür başladığı bilinib. Həmin görüntülərdə “Orhus” azarkeşlərinin avtobuslardan düşərək azərbaycanlıların olduğu qrupa yaxınlaşdığı və qarşıdurmadan əvvəl müxtəlif jestlər etdiyi görünür. Bundan sonra tərəflər arasında fiziki qarşıdurma yaşanıb.
UEFA-nın İntizam Komitəsi araşdırmaya başlayıb. Artıq insidentdən 20 gündən çox keçib. Bəs bu yöndə hansısa yenilik varmı? “Sabah”ın mətbuat katibi Elnur Həmidov bizə heç bir yeniliyin olmadığını bildirdi.
İSRAYIL XEYRULLAYEV
“Orhus”la oyundakı insident: UEFA-nın qərarı nə vaxt bəlli olacaq?
Avrokuboklar





