Millimizin də formasını geyən, “Araz-Naxçıvan”dan ayrılandan sonra klubsuz qalan Coşqun Diniyevi “gördüm” deyən yoxdu.
Xatırlayırsızsa, iyulun əvvəlində futbolçunun atası Şahin bəydən açıqlama almışdıq. Mütəxəssis övladının əsas məqsədinin legioner həyatı yaşamaq olduğunu, bu istiqamətdə danışıqlar apardığını demişdi. Həmin vaxtdan təxminən iki ay keçib. Bu üzdən, son durumu öyrənmək məqsədilə yenidən Şahin bəyə müraciət etdik. Lakin o bu dəfə açıqlama verməkdən imtina etdi.
Görünür, ya Coşquna maraq yoxdu, ya da futbolçu təklifləri sərfəli hesab etmir. İstənilən halda, yığmamızın da şərəfini qoruyan oyunçununun mövsümlərarası fasiləni boşa verməsi acınacaqlı durumdu. Axı onun cəmi 30 yaşı var və yarımmüdafiəçi hələ azı bir-iki mövsüm də tər tökmək iqtidarındadı. İş ondadı ki, “İnter”, “Qarabağ”, “Sabah”, “Zirə” kimi iddialı komandalarda forma geyəndən sonra Türkiyədə - “Ümraniyəspor”, “Bandırma Spor” və “Çorum”da oynayan, ardından ölkəmizə qayıdıb, “Araz-Naxçıvan”da çıxış edən oyunçu son illərdə “dişə vurulası” uğurla yadda qalmadı. İndi bəlkə də karyerasını bitirmək haqda düşünür...
Ən doğrusunu özü bilər, ancaq hadisələrin biz tərəfdən görünən axarı heç də ürəkaçan deyil!
KƏNAN BAHADIR
Coşqun Diniyev karyerasını bitirib? – susmaq qızıldı, gizlətmək ayıb...
Ölkə futbolu






