Portuqaliya çempionatının yüksək liqasında 2023/24 mövsümü yeni çempionla yadda qaldı.
“Football-plus.az” xəbər verir ki, “Benfika” titulu qoruya bilmədi və mövsümboyu sabit çıxışı ilə seçilən “Sportinq” üç ildən sonra primeyrada 20-ci zəfərini rəsmiləşdirdi.
Yubiley titulu da Amorim ilə qazanıldı
Lissabonlular sonuncu dəfə 2020/21 mövsümündə qızıl mükafatçı olmuşdular. Onda komandanın 19 illik çempionluq həsrətinə son qoyan Ruben Amorim baş məşqçi vəzifəsində bu dəfə də yüksək səviyyəli işlər gördü. Qeyd edək ki, “şirlər” mövsümə əsas titula iddiaçılardan biri kimi başlamışdılar. Bunu şərtləndirən amillərdən biri rəhbərliyin əla transfer kampaniyası təşkil etməsi ilə bağlı idi. Komandanın ən uğurlu transferi isə Viktor Dyökereş oldu. “Sportinq” isveçli hücumçuya görə “Koventri”yə 21 milyon avro ödəmişdi. Sözün düzü, heç də məşhur olmayan futbolçu üçün bu qədər xərcə düşmək çoxlarında təbii təəccüb doğurmuşdu. Amma bu da var ki, mövsümün sonunda Viktorun dəyəri 65 milyon (!) avroya qədər artdı. Necə?
O, yeni komandasında inanılmaz inkişafa nail oldu. 33 oyunda 29 qol vurmaqla primeyranın ən yaxşı bombardiri oldu. 10 məhsuldar ötürmə də edən Dyökereş mövsümün ən yaxşı oyunçusu adına layiq oyun sərgilədi. İlk turlardan məhsuldar futbol nümayiş etdirən isveçli yalnız qol vurmur, həm də meydanda böyük həcmdə iş görürdü: daim cinahlara açılan Viktor çətin tolara can atması, hava mübarizəsindən əksər hallarda qalib çıxması, ağlagəlməz dərəcədə dözümlülüyü, böyük fiziki gücü ilə gözəl driblinq etməsi və texnikalı oyunu ilə çempionluq yarışında komandasına çox faydalı oldu.
Əlbəttə, “Sportinq”in yubiley çempionluğunda böyük rol oynayan digər futbolçular da var. Paytaxt komandasının digər yeni oyunçusu Morten Yulmann da ona bəslənən ümidləri artıqlamasıyla doğrultdu. Dayaq yarımmüdafiəçisi kimi oynayan danimarkalı topu rəqibdən alıb oyundaşlarına ötürmək bacarığı ilə primeyranın ən yaxşıları sırasında oldu. Üç il əvvəlki çempionluqda böyük rol oynayan Pedro Qonsalveş mövsümboyu sabit çıxış etdi: 25 yaşlı portuqaliyalı 11 qol və 12 məhsuldar ötürmə ilə “Sportinq”in hücum xəttində əsas ifaçılardan oldu.
Paulinyo da hücumda məhsuldar çıxışı ilə komandaya fayda verdi. Meydana sonradan çıxaraq qollar vuran portuqaliyalı hücumçu “şirlər”in əsl “coker”inə çevrildi. Amorimin komandası “Barselona”nın sabiq vingeri Fransişko Trinkanın da dəstəyi ilə mövsümü hamıdan çox – 96 qolla başa vurdu! Qeyd edək ki, əsas qapıçı Antonio Adan mövsümün gedişində ciddi zədə aldı. İspaniyalının yoxluğunda uruqvaylı Franko İsrael özünü ən yaxşı tərəfdən göstərə bildi. “Sportinq”in arxa xətti də inamlı təsir bağışladı. Mərkəz müdafiəçisi Qonsalo İnasionun böyük inkişafını xüsusi qeyd etməliyik. Nəticədə liderliyi 6-cı turda ələ keçirən və sona qədər zirvədə qalan Amorimin komandası 29 qələbə 3 heç-heçə və yalnız 2 məğlubiyyətlə əsas izləyicisi “Benfika”nı 10 xal qabaqladı!
“Benfika” superkubok ilə kifayətləndi
Rocer Şmidtin “Benfika”dakı ikinci mövsümü çox da uğurlu alınmadı. Almaniyalı mütəxəssisin komandası əvvəlki mövsümdə olduğu kimi rəqibləri üzərində aşkar üstünlüyə malik ola bilmədi. Hücum xəttinin potensialı yenə güclü olan “qartallar” mövsümün bir çox oyunlarında qapıya yol tapmaqda çətinlik çəkdilər. Futbolçular arasaında anlaşmanın bir qədər zəifləməsi bəzi matçlarda yersiz xal itkilərini qaçılmaz etdi.
Amma müdafiədə hər şey qaydasında idi. “Sportinq”dən də az top buraxan Şmidtin komandasında ukraynalı qapıçı Anatoli Trubinin debütünün əla alındığını qeyd edək. Antonio Silva ilə Nikolas Otamendi müdafiənin mərkəzində mükəmməl tandem təşkil etdilər. Fredrik Eursnes də öz mövqeyində əla çıxış etdi. Norveçli mərkəz yarımmüdafiəçisi mövsümün ən yaxşı oyunçuları sırasına daxil ola bildi. Lakin əvvəlki mövsümün ən yaxşısı sayılan Joao Mario bu dəfə imkanlarından aşağı səviyyədə çıxış etdi. Əvəzində Anxel Di Mariya hücumameyilli oyun planında çox yaxşı təsir bağışladı: 36 yaşlı argentinalı dünya çempionu tez-tez liderlik funksiyasını üzərinə götürməklə komandanı praktiki olaraq təkbaşına irəli daşıdı.
Primeyrada 28 oyun keçirən Anxel lissabonlulara 9 qol və 10 məhsuldar ötürmə ilə fayda verdi. “Qartallar”ın ən yaxşı oyunçusu adına isə Rafael Silva layiq idi. O, 30 yaşında 14 qol və 12 məhsuldar ötürmə ilə hücum xəttinin əsas hərəkətverici qüvvəsi oldu. “Mövsümün kəşfi” nominasiyasında fərqlənən oyunçu kimi Joao Neveşi göstərmək olar. O, 19 yaşında dayaq yarımmüdafiəçisi kimi elə oyun sərgilədi ki, mövsümün sonuna yaxın transfer dəyərini 55 milyon (!) avroya artırdı. Lakin qeyd etdiyimiz kimi, bir sıra oyunlarda yersiz itirilən xallar “Benfika”nın yalnız superkubok ilə kifayətlənməsini şərtləndirdi.
“Portu”nun qazancı ölkə kuboku oldu
“Portu” son mövsümdə “Sportinq” və “Benfika” ilə çempionluq uğrunda rəqabət apara bilmədi. İlk turlardan qeyri-sabit çıxış edən Serjio Konseysaonun komandası finişə hələ bir neçə ay qalmış praktiki cəhətdən əsas tutula iddiadan geri çəkildi. “Əjdahalar” mövsümü “mükafatçılar zonası”ndan kənarda da başa vura bilərdilər. Onlar yalnız sonuncu turun səfər oyununda əsas izləyicisi “Braqa”ya minimal hesabla qalib gəlməklə bürünc medalları təmin etdilər. Doğrudu, “Portu”nun daha bir qazancı ölkə kuboku oldu.
Maraqlıdı ki, “əjdahalar” qeyri-sabit çıxış etsələr də, ən az top buraxan komanda oldular. 34 oyunda topu qapısında 27 dəfə görən “Portu”nun arxa xəttinin inamlı oyununda mövsümü əla keçirən qapıçı Dioqo Koşta və müdafiəçilər Joao Mario ilə Vendellin böyük rolu oldu.