Yenidən premyer-liqaya can atır

20.10.2026 15:08 63
Dünya futbolu
Antonio Konte yenidən İngiltərədə işləməyə can atır.

İtaliyalı məşqçi “Mançester Yunayted”in başına keçmək istəyir. “TEAMtalk” nəşrinin məlumatına görə, 57 yaşlı mütəxəssisin nümayəndələri Mançester klubunun rəhbərliyi ilə yenidən əlaqə saxlayaraq onun bu vəzifəyə marağını təsdiqləyiblər. Ötən mövsümün sonunda “Napoli”dən ayrılan Konte hazırda işsizdi. O, əvvəllər yeni komandada fəaliyyətə mövsümün əvvəlindən başlamağa üstünlük versə də, indi mövqeyini dəyişib. Konte İngiltərədə “Çelsi” və “Tottenhem”ə başçılıq edib.

MY bu mövsüm İngiltərə premyer-liqasında 6 oyuna 6 xal toplayıb. Komanda Liqa Kubokunda “Brayton”a uduzaraq mübarizəni dayandırıb, Çempionlar Liqasında isə “Sabah” üzərində qələbədən (4:0) sonra “Atletiko”ya məğlub olub (0:2).