Türkiyə yığmasının yeni məşqçisi bəllidi

20.10.2026 14:06 225
Dünya futbolu
Türkiyə yığmasının baş məşqçisiz günləri bitmək üzrədi.

Məlum olduğu kimi oktyabrın 9-da Türkiyə Futbol Federasiyası Vinçentso Montella ilə yolları ayırmağa qərar verdi. Həmin vaxtdan bu yana Arda Turan, Françesko Kaltsona, Abdulla Avcı, Şenol Günəş kimi mütəxəssislərin adı ''ay-ulduzlular''la yanaşı hallanmışdı. Ancaq federasiya sonda sürpriz və bu vaxta qədər adi namizədlər arasında hallanmayan bir ismə üstünlük verib. Söhbət Sərgən Yalçından gedir.

Dünən bir sıra aparıcı yerli mənbələr TFF ilə Yalçın arasında dördillik anlaşma əldə olunması barədə iddia ortaya atdı. Bu gün tərəflərin son detalları razılaşdırmaq üçün yenidən bir araya gələcəyi gözlənilir. Rəsmi açıqlama da məhz bu toplantının ardından veriləcək.

İddialara inansaq, təcrübəli məşqçi federasiyadan pul tələb etməyib. O, maaşının federasiyanın özü tərəfindən müəyyənləşdirilməsini istəyib. Təyinat baş tutsa, Türkiyə Yalçının başçılığı altında ilk oyunlarını gələn ay Millətlər Liqasında evdə Belçika və səfərdə Fransaya qarşı keçirəcək.

Qeyd edək ki, 2013-cü ildən məşqçilik sahəsində olan 53 yaşlı Sərgən Yalçın indiyə qədər ''Qaziantepspor'', ''Sivasspor'', ''Əskişəhərspor'', ''Konyaspor'', ''Alanyaspor'', ''Yeni Malatyaspor'', ''Antalyaspor'' və iki fərqli dönəmdə ''Beşiktaş''da çalışıb. Məşqçi kimi əsas uğurlarını 2020/21-də ''Beşiktaş''da əldə edib. Həmin mövsüm İstanbul nəhəngi həm ölkə çempionluğunu, həm də ölkə kubokunu qazanaraq ''qızıl dubl'' etmişdi.