Azərbaycanda çox məşhur olan bir lətifə var. Toy gecəsinə hazırlaşan qız ətrafdakılarla məsləhətləşir ki, nə geysəm, yaxşıdı? Ətrafdakılar da ona cavab verir ki, ay bala, onsuz da, “al da geysən, ..., şal da geysən”.
Yazıya belə biədəb məsəllə başlamağımın səbəbi var. “Borussiya” camiəsi “Sabah”la oyun ətrafında elə ab-hava, elə gərginlik yaradıb ki, adamı üşütmə tutur. Qeyri-ixtiyari özümə sual verirəm: yəni biz bu qədər əzəmətliyik, yəni Almaniya nəhəngi bizdən bu qədər qorxur, yoxsa sözün əsl mənasında tülkülük edir?
Heyətləri dünya ulduzları ilə doludu, amma kadr çatışmazlığından gileylənirlər. Oktyabrın 14-də Stavangerdə, 17-də Berlində oyuna çıxıblar, bu gün də Bakıda oynayacaqlar deyə, elə haray-qışqırıq salırlar ki, guya prezident Raynhold Lunavın, baş məşqçi Niko Kovaçın, ya da hansısa futbolçunun ətini kəsiblər, qanı dayanmaq bilmir...
Uçuş məsələsi ətrafında yazdığı nağıllardan isə artıq əməlli-başlı bezdim. Sən demə, baqaj ağır olduğundan təyyarənin fasiləsiz rejimdə uçuşu mümkün olmayacaqmış. Belədə klub rəhbərliyi yanacaq doldurmaq məqsədi ilə aralıq enişin qarşısını almaq üçün təcili logistika planını dəyişib. Baqajın bir hissəsi sponsorları və jurnalistləri Bakıya gətirən reysə yüklənib. Futbolçular üçün daha geniş və rahat təyyarə seçilib. Klub rəhbərliyi təxminən beş saat davam edən uçuşun mümkün qədər rahat olmasını təmin etməyə çalışıb.
İnanın mənə, bu yazını qələmə almaqda məqsədim “Borussiya”nı aşağılamaq-filan deyil. Təbii ki, mən də komandalar arasındakı səviyyə fərqindən, bu üzdən “Sabah”ın mümkün heç-heçəsinin belə böyük uğur sayılacağından xəbərdaram. Sadəcə, rəqib düşərgənin oyun ətrafında belə süni ajiotaj yaratmasının, “stəkanda fırtına yaratmaq” cəhdinin səbəbini anlaya bilmirəm.
...Amma sizə bir söz də deyim: kaş o məchul gəlin “Borussiya” olaydı, biz də ətrafdan paltarla bağlı həmin məsləhəti verəydik!
ORXAN
“Borussiya” üçün milli lətifə: “al da geysən, ..., şal da geysən”
Manşet / Yazarlar





