Türkiyə çempionatında 2024/25 mövsümü ''Qalatasaray'' - ''Hatayspor'' oyunu ilə start götürdü.
Superkubokda ''Beşiktaş''a ağır şəkildə məğlub olan son çempion üçün bu qarşılaşma da asan keçmədi. ''Hatayspor'' 52-ci dəqiqədə Joelson Fernandeş ilə sürpriz şəkildə hesabı açdı. İstanbul nəhəngi yalnız son 10 dəqiqədə təzyiqi artıraraq vəziyyəti lehinə dəyişə bildi. 80-ci dəqiqədə İkardi özü qazandığı penaltini dəqiq yerinə yetirdisə, 90-cı dəqiqədə Batşuayi səhnəyə çıxaraq yeni klubunda ilk rəsmi oyundaca qəhrəmana çevrildi. Xatırladaq ki, belçikalı forvard ötən mövsüm ''Fənərbaxça''nın şərəfini qoruyurdu. ''Qalatasaray'' sayca 67-ci Türkiyə çempionatında 46-cı dəfə mövsümə qələbə ilə başladı. Komanda öz meydanında keçirdiyi ilk turun oyunlarında qələbə seriyasını 12-yə yüksəltdi.
İstanbul nəhənginin sonuncu dəfə evdə keçirdiyi ilk turda xal itirməsinə 1999/00 mövsümündə ''Qaziantepspor''la oyunda rast gəlinib (1:2). Onu da bildirək ki, ''Hatayspor'' indiyə qədər heç vaxt səfərdə ''sarı-qırmızılar''dan xal ala bilməyib. Komanda 2020/21-dən elitada oynayır və ''Qalatasaray''a qarşı səfərdə keçirdiyi 5-ci oyundan da məğlubiyyətlə ayrıldı.
ƏLİ