Arda La Liqanın 9-cu turunun “Sevilya” ilə oyununda hesabı açmaqla “Real”ın heyətində avqustdan bəri ilk qolunu vurdu. Ona məhsuldar ötürməni Yan Diomande verdi. Arda sonuncu dəfə avqustun 30-da – “Malaqa” ilə oyunda (4:0) fərqlənmiş, son 6 görüşdə rəqib qapısına yol tapa bilməmişdi. Düzdü, “Roma” ilə ÇL oyununda verdiyi iki məhsuldar ötürməni də unutmaq olmaz.
Hakimlər Komitəsi olaya aydınlıq gətirdi
İspaniya Kral Futbol Federasiyasının Hakimlər Komitəsi videoassistentlərin “Sevilya” ilə oyunda (4:1) Ardanın meydandan qovulmasıyla nəticələnə biləcək epizodu izləməyi referiyə məsləhət görməməsini səbəbini izah edib. “Cadena SER” komitənin təmsilçilərinə istinadla xəbər verir ki, hakimlərin əlində mübahisəli epizodla bağlı dəqiq təsvir olmayıb. Baxmayaraq ki, həmin oyunda “Bernabeu”da 26 televiziya kamerası işləyib (“CBC Sport” gözünə su versin!).
Oktyabrın 18-də keçirilən oyunun 24-cü dəqiqəsində Arda ilə qonaqların yarımmüdafiəçisi Peke arasında münaqişə yaşanıb. Madridlilərin türkiyəli ulduzu topdan uzaqda olarkən rəqibə tərəf dirsəyi ilə hərəkət edib. “Sevilya”nın oyunçusu əlləri ilə üzünü tutaraq qazona yıxılıb, onun komanda yoldaşları isə türkiyəli yarımmüdafiəçinin qovulmasını tələb edib.
Oyunu idarə edən Mateo Buskets Ferrer Güləri cəzalandırmayıb. VAR hakimi Gilyermo Kuadra Fernandes isə epizodu yoxlasa da, həmkarına monitora baxmağı məsləhət görməyib. Cəmi bir neçə dəqiqə sonra Arda hesabı açıb.
Yarımmüdafiəçi ilə bağlı qərar “Sevilya”nın təmsilçilərini özündən çıxarıb. Baş məşqçi Luis Qarsiya Plasa bildirib ki, komandası bir saatdan artıq müddətdə çoxluqda oynamalıymış. Onun fikrincə, Arda “qırmızı”nı haqq edib, sadəcə, VAR hakimi nədənsə bu epizoda qarışmayıb.
İspaniyanın “Cadena SER” radiosu bu epizodla bağlı izahat almaq üçün Hakimlər Komitəsinə müraciət edib. Komitənin təmsilçiləri bildiriblər ki, videoarbitrlər də teletranslyasiya zamanı göstərilən kadrlar əsasında mülahizə yürüdürlər. Onların əlinin altında ayrı-ayrı oyunçuların hərəkətlərini qiymətləndirməyə imkan verən başqa, xüsusi rakurslar yoxdu. Kameralardan heç birinin təsviri Gülərin dirsəyinin rəqibin bədəni ilə təmasını yüzdəyüz dəqiqliklə müəəyyənləşdirmək üçün bəs etmir.
AS nəşrinin qaynaqları da təsdiqləyiblər ki, videoarbitrlərin sərəncamında yalnız ümumi planlar olub. Həmin təsvirlər təmasın olduğuna dair güman irəli sürməyə əsas versə də, Gülərin əlinin hansı hissəsinin Pekeyə toxunması, mümkün zərbənin məhz hara dəyməsi ilə bağlı dəqiq fikir bildirmək olmur.
Hakimin fərqli qərarı halında da təsvirlə bağlı problem üzə çıxacaqdı. Buskets Ferrer müstəqil şəkildə Güləri meydandan qovsaydı, videoarbitrlərin qırmızı vərəqənin ləğvini məsləhə görməsi də bir o qədər çətin olacaqdı.
Reaksiyalar
Luis Qarsiya, “Sevilya”nın baş məşqçisi:
“Hakimlik… 11-in 11-ə formatında da rəqib qələbəni haqq edərdi, ancaq biz tam fərqli oynayardıq. Bizi 11-in 10-a formatında oynamaq imkanından məhrum etdilər. Oyun haqqında bir daha danışmaq istəmirəm… Qeyri-adi hadisədi. Peke fasilədə ancaq bunu təkrarlayırdı: “O, mənə zərbə vurdu, həqiqətən zərbə vurdu”. Bəlkə də biz qalib gəlməyəcəkdik. Ancaq bu gün rəqib meydanında keçirilən oyunun 25-ci dəqiqəsində sayca üstünlük qazanmalıydıq. Niyə hakimi VAR monitoruna çağırmadılar? Bəlkə də ona görə ki, “Real” “el klasiko” ərəfəsində “Barselona”dan 9 xal geri düşməsin… VAR-ın müdaxiləsi üçün yüzfaizlik epzidoddu, hər şey yetərincə aydındı. Biz qəzəbliyik”.
Joze Mourinyo, “Real”ın baş məşqçisi:
“Sizin üçün qızğın mübahisələrin predmeti olan məsələ ilə bağlı sualdan qaçmaq niyyətim yoxdu. Sadəcə, Luis Qarsiyanın sözlərini şərh etmək istəmirəm. Həmin epizoda gəlincə, heç kim mənə onların dediyi hadisənin baş verdiyini göstərə bilməz. Əlimdə bununla bağlı heç bir kadr yoxdu. Teletranslyasiyanın videoyazısını istədim, taktika kamerasına (adi translyasiyada olmayan məqamları da qeydə alır) baxmaq imkanı olan analitiklərimə müraciət etdim. Ancaq orda da başqalarının haqqında çox danışdığı və Luisi belə narahat edən məqamla bağlı heç bir təsdiq yoxdu. Açıq danışacam: bizim əlimizə işləyən nəsə baş versə, sizin qarşınızda bunu problemsiz etiraf edərəm. “Real” gözəl oyun keçirdi, əla qələbə qazandı, şəxsən mən heç bir mübahisəli epizod görmədim. Kimsə mənə oyunçumun dediyinə görə, baş verməyən hadisənin hansısa dəqiq videofraqmentini göndərsə, onda danışarıq. İndi deyəcəyim nəsə yoxdu”.
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“Bu, mənə ünvanlanası sual deyil. Həmin epizodla bağlı başqalarından soruşmalısız. Mübahisəli məqama baxmışam, ancaq onun haqqında danışmaq istəmirəm”.
Edurdo İturralde Qonsales, ispaniyalı sabiq hakim:
“Belə görünür ki, orda nəsə oldu, ancaq məhz nəyin olduğunu göstərən dəqiq təsvir yoxdu. Ardanın dirsəklə hərəkət etdiyini gördüm, sadəcə, dirsəyin rəqibin sifətinə dəyib-dəymədiyi aydın deyil, ona görə ki, təsvir çox aşağı keyfiyyətlidi. La Liqanı dünyann ən yaxşı liqası sayırıqsa, belə təsvir keyfiyyəti yolverilməzdi. Söhbət qovulmadan gedəndə bununla bağlı heç bir şübhə olmamalıdı. Ancaq əldə olan kadrlar əasında dirsək zərbəsinin olub-olmadığını demək mümkünsüzdü. Düzü, bundan daha dəqiq və aydın kadrların olmadığına da inanmıram”.





