Türkiyə çempionatında 5-ci tura dünən ''Qalatasaray'' - ''Qaziantep'' oyunu ilə yekun vuruldu.
"Football-plus.az" xəbər verir ki, ''Cim-Bom'' 17-ci dəqiqədə buraxdığı qolla hesabda geri düşdü. Amma komanda böyük çətinliklə də olsa, geridönuş etməyi bacardı. Oyun maraqlı hadisələrlə zəngin oldu. 36-cı dəqiqədə Bafetimbi Qomis hesabı bərabərləşdirdi. Bununla da İstanbul nəhənginin bu mövsüm vurduğu ilk 3 qolun hamısının müəllifi Qomis oldu! Əcnəbi oyunçulardan sonuncu dəfə bunu George Haci bacarmışdı.
Rumıniyalı əfsanə 1996/97-də ''sarı-qırmızılar''ın çempionatda ilk 3 qolunun müəllifi olmuşdu. Oyunun sonrakı anları ''Aslan'' üçün şanssız alındı. Fasilə ərəfəsində Əbdülkərim Bardakçı ikinci sarı vərəqəni alaraq qovuldusa, 73-cü dəqiqədə Qomis penaltini boşa verərək qəhrəmana çevrilmək fürsətindən yararlana bilmədi. 37 yaşlı forvard bununla da ''Qalatasaray'' karyerasında 5-ci dəfə superliqada penaltini boşa vermiş oldu. Onun penaltini qaçırdığı əvvəlki 4 oyunun hamısında ''Qalatasaray'' qalib gəlmişdi və bu qəribə seriya yenə davam etdi! Əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə yunanıstanlı Stelios Kitsunun avtoqolu İstanbul nəhənginə 3 xal qazandırdı. Maraqlıdı ki, komanda bu mövsüm qalib gəldiyi hər 3 qarşılaşmada qələbə qolunu 85-ci dəqiqədən sonra vurub.