Dünən Türkiyə çempionatının 29-cu turunda ''Qalatasaray'' İstanbul derbisində öz meydanında ''Beşiktaş''ı 2:1 hesabı ilə məğlub etdi.
Dubl edən Kərəm Aktürkoğlu matçın qəhrəmanına çevrildi. Kərəm son 9 ildə ''Beşiktaş''a qarşı oyunda dubl edən ilk ''Qalatasaray''lı futbolçu oldu. Sonuncu dəfə bunu 2013-ün sentyabrında Didye Droqba bacarmışdı. ''Sarı-qırmızılar''ın evdə prinsipial rəqibə qarşı məğlubiyyətsiz seriyası 5 oyuna yüksəldi (4 qələbə, 1 heç-heçə). ''Qartal'' səfərdə sonuncu dəfə ''Cim-Bom''u 2017-nin fevralında məğlub edib.
Ən diqqətçəkən fakt odu ki, ''Qalatasaray'' ardıcıl 3-cü dəfə son çempion statusunda olan komandaya qarşı evdə qələbə qazandı və 1962-ci ildən bu yana ilk dəfə belə seriya yaxaladı. Komanda bu seriya ərzində 2017/18-də ''Beşiktaş''ı 2:0, 2020/21-də ''İstanbul BŞ''ni 3:0 yenmişdisə indi də yenə ''Beşiktaş''ı evə xalsız yola saldı.