Məlumdu ki, "bayquşlar" 2025/26 "futbol ili"ndə yaşadığı çempionluq sevincindən sonra ilk dəfə Tovuz səfərindədi. Üstəlik, paytaxt təmsilçisinin uğurları bununla bitmir. Debüt mövsümündə Çempionlar Liqasının liqa mərhələsinə yüksələn komanda burda ilk qələbəsini də qazanıb. "Sabah" evdə Praqa "Slaviya"sını məğlub edib (2:0).
Xatırlayırsızsa, "Qarabağ" 2023/24 mövsümündə Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanandan sonra premyer-liqanın 27-ci turunda "Turan Tovuz"un qonağı olmuş, rəqib komandanın azarkeşləri tərəfindən əlamətdar hadisə münasibətilə coşğu ilə qarşılanmış, komanda otelə zurna-balaban havasının müşayiəti ilə yola salınmışdı.
Maraqlıdı, "Sabah" üçün də oxşar qarşılama mərasimi nəzərdə tutulubmu?
Bu sualı "bozqurd"un ən böyük fanklubu olan "Ultras Turan"ın rəhbəri Kamal Saqqayevə ünvanladıq. Onun "Football-plus.az"a cavabı:
"Ultras Turan" ailəsi həmişə olduğu kimi "Turan Tovuz"un yanındadı. İnşallah, "Sabah"a ilk məğlubiyyəti biz yaşadarıq. Bu komandaya Çempionlar Liqasında uğurlar arzulayırıq. Lakin rəqibin xüsusi qarşılanması ilə bağlı hansısa plan yoxdu".
KƏNAN BAHADIR





