''Qalatasaray'' dünən Türkiyə çempionatının 35-ci turunda daha bir mühüm qələbə qazanaraq çempionluğa bir addım da yaxınlaşdı.
“Football-plus.az” xəbər verir ki, İstanbul nəhəngi öz meydanında ''Sivasspor''u Mauro İkardinin qolları sayəsində 2:0 hesabı ilə məğlub edərək xalını 79-a yüksəltdi. Bu tur çıxışını dayandıran ''Hatayspor''la oynamalı olan ''Fənərbaxça''nın xalı 74-ə yüksələcək. ''Qalatasaray''ı indi çempionluqdan cəmi 1 qələbə ayırır. Okan Burukun kollektivi gələn tur səfərdə ''Ankaragücü''nü məğlub edəcəyi təqdirdə sona 2 tur qalmış çempionluğu rəsmiləşdirəcək. Fanatların sevimlisi İkardi bu mövsüm superliqada vurduğu qolların sayını 19-a çatdırdı. Yeri gəlmişkən, ''Qalatasaray''ın vurduğu son 6 qolun hamısının müəllifi argentinalı forvarddı! İkardi bununla da bir ilkə imza atıb. O, ''Cim-Bom''un tarixində superliqada ardıcıl 6 qol vuran ilk əcnəbi futbolçuya çevrilib.