İstanbul nəhəngi 18 milyon avro qarşılığında ''Norviç''dən Qabriel Saranı heyətinə qatdı. Bu transferə Almaniya mətbuatının və ''Hannover-96'' rəsmilərinin reaksiyası isə heç də birmənalı olmayıb. Məsələ burasındadı ki, ''Qalatasaray'' ötən mövsümün qış fasiləsində Hannover təmsilçisindən transfer etdiyi sol müdafiəçi Derrik Könə görə ödəməli olduğu pulu hələ də qarşı tərəfə ödəməyib.
Ötən ay Almaniya klubunun rəsmiləri ''sarı-qırmızılar''dan FİFA-ya şikayət edəcəklərini bildirmişdilər. ''Qalatasaray'' Könü 3,35 milyon avroya transfer edib. Türkiyə mətbuatının yazdığına bu məbləğin 2,5 milyon avrosu hələ də ödənilməyib. Almaniya mətbuatı isə iddia edir ki, ''Qalatasaray'' rəsmiləri dəfələrlə ödəniş şərtlərini dəyişmək istəsələr də, qarşı tərəf buna razılıq verməyib. ''Hannover-96''nın idman direktoru Markus Mann bunları deyib:
''Bizə ödəməyə pulu olmayan bir klubun bu cür transferi necə həyata keçirdiyi həqiqətən də maraq doğurur. Gələcəkdə belə transferlərə qadağa qoyulmalıdı''.
''Qalatasaray''da 16 rəsmi oyunda 1 qol, 2 məhsuldar ötürməlik performans sərgiləyən almaniyalı futbolçunun klubdan ayrılmaq ehtimalının olduğunu da xatırladaq. ''Spartak'' 25 yaşlı Könə görə 10 milyon avro təklif edib.
ƏLİ





