“Bunların kimlər tərəfindən və hansı məqsədlə yayıldığını da bilirəm” - “Səbail”in baş məşqçisi köməkçilərindən şübhələnir?

12.11.2026 16:55 0
Ölkə futbolu / Manşet
Bu mövsüm premyer-liqaya yüksəlməyi hədəfləyən “Səbail” qara zolağa düşüb. Son 4 oyunun yalnız birində qələbə qazanan “dənizçilər”in düşərgəsində gərginlik yaşanır. Hətta “Gəncəbasar”la 2:2 hesablı heç-heçədən sonra futbolçular paltardəyişmə otağında əlbəyaxa olub. Baş məşqçi Elnur Abdullayevin planşetinin sındırıldığı da bildirilir. Hadisələrdən xəbərdar olan çalışdırıcının isə başverənlərə müdaxilə etməyərək səs-küyü başqa otaqdan dinlədiyi iddia olunur.

Abdullayevin daha sonra futbolçularla qapalı iclas keçirdiyi, həmin görüşə məşqçi korpusunun üzvlərini dəvət etmədiyi və köməkçilərindən şübhələndiyi barədə məlumatlar yayılıb.

Bəs bu məlumatlar həqiqəti nə dərəcədə əks etdirir?

“Football-plus.az” iddialara aydınlıq gətirmək üçün “Səbail”in baş məşqçisi Elnur Abdullayevlə əlaqə saxlayıb:

“Yayılan məlumatların qərəzli və sifarişli olduğunu anlayıram. Eyni zamanda, bunların kimlər tərəfindən və hansı məqsədlə yayıldığını da bilirəm. Bildirmək istəyirəm ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Məşqçi karyeram ərzində vaxtaşırı futbolçularımla, eləcə də məşqçi heyətimlə qapalı görüşlər keçirmişəm. Hazırda komandada vəziyyət qaydasındadı. 8 zədəli futbolçumuz olmasına baxmayaraq, qarşıdakı oyuna yüksək səviyyədə hazırlaşırıq. Komandamız üçün hər cür şərait yaradan klub prezidenti Mirzə Bayrampura təşəkkür edirəm. Həmçinin həmişə yanımızda olan böyük kapitan Rahid Əmirquliyevə minnətdarlığımı bildirirəm. Komandama güvənirəm”.

İSRAYIL XEYRULLAYEV