Bəs MOİK-in baş məşqçisi İlham Yadullayev bu məsələdən xəbərdardırmı? O, Ceyhun Nuriyevi sərəncamında görmək istəyirmi? AFFA-nın Gənclər və İdman Nazirliyinə müraciətindən MOİK-in xəbəri varmı?
“Football-plus.az” bu suallara aydınlıq gətirmək üçün İlham Yadullayevlə əlaqə saxlayıb:
“Təbii ki, xəbərdaram. Ceyhun Nuriyev hazırda hərbi xidmətdədi. Mən onu yaxşı tanıyıram. Premyer-liqada sözünü demiş, milli komandanın oyunçusudu. Təbii ki, onun bizim komandada çıxış etməsini istərdik. Son suala isə cavab verə bilməyəcəyəm. Onu komandaya cəlb etmək səlahiyyətim yoxdu. Amma Ceyhunu sıralarımızda görmək istəyərdik”.
İlham Yadullayevin cavablaya bilmədiyi son sualı isə klubun mətbuat katibi Araz Əhmədova ünvanladıq:
“Ceyhun Nuriyev “Araz-Naxçıvan”la aktiv müqaviləyə malik futbolçudu. Burda hansısa müraciətdən söz getmir. MOİK-də hərbi xidmətdən keçmək istəsə, qərarı baş məşqçi verəcək. Bu gün o sıravi Azərbaycan vətəndaşı kimi hərbi xidmət keçir, hazırda klubu var. Bəlkə də Ceyhun bu dönəmi hərbi hissədə keçmək istəyir. Çünki premyer-liqada çıxış edən futbolçular çox vaxt 1-ci liqada oynamaq istəmir. Burda hər şey həm Ceyhunun, həm klubunun, həm də bizim baş məşqçimizin qərarından asılıdı”.
İSRAYIL XEYRULLAYEV





