“Samsunspor”un Markus Gisdolla yollarını ayırdığını xəbər vermişdik.
Xatırladaq ki, ötən yay 11 illik fasilədən sonra elitaya qayıdan Samsun təmsilçisi mövsümə çox bərbad start verdikdən sonra Gisdolla anlaşmışdı. Komandanı sonuncu pillədə qəbul edən 54 yaşlı mütəxəssis samsunluları rahat şəkildə elitada saxlamağı bacarmışdı. Amma Gisdol vətənindən təkliflər aldığı üçün ayrılmağa üstünlük vermişdi. “Samsunspor” artıq yeni baş məşqçisinə qovuşub. Maraqlıdı ki, qaradənizlilər yenə almaniyalı mütəxəssis üstünlük verib. Söhbət Tomas Raysdan gedir. 50 yaşlı çalışdırıcı ilə “1+1” illik müqavilə imzalanıb. Rays imza mərasimində bunları deyib:
“Samsun çox gözəl şəhərdi. Bura gəldiyim üçün sevincliyəm. Stadionu, bazanı, akademiyanı gəzdim. Hər şey yüksək səviyyədə təşkil olunub. Komandaya uğur qazandırmaq üçün əlimdən gələni edəcəm. İnanıram ki, fanatlarımız da bizi hər zaman dəstəkləyəcək”.
Maraqlıdı ki, Rays məşqçi karyerasına 2011-ci ildə “Bohum”un qadınlardan ibarət komandasında başlayıb. Daha sonra “Bohum”un ikinci komandasında, eləcə də əsas komandada əvvəlcə köməkçi, sonra baş məşqçi vəzifələrini icra edib. Taktiki cəhətdən güclü olması, oyunçularla yaxşı ünsiyyət qura bilməsi və hücumameyilli futbola üstünlük verməsi ilə tanınan Rays ən son 2022/23-də “Şalke-04”ü çalışdırıb.