Bildiyiniz kimi, ölkəmizi Çempionlar Liqasında təmsil edən “Sabah” noyabrın 25-də dünya futbolunun nəhənglərindən “Barselona”nı qəbul edəcək. Təbii ki, qarşıdakı oyuna maraq böyükdü. İşbazlar, saxtakarlığı özünə həyatın mənası seçənlər də bundan yararlanırlar...
Oyuna biletlərin rəsmi satışı “iTicket” platforması vasitəsilə həyata keçirilir. Artıq biletlərin tükənməsi, eləcə də “bayquşlar”ın bəzi sektorlara biletləri satışa çıxararaq qiyməti 1500 manata qədər qaldırması barədə məlumat vermişdik.
Təəssüf ki, indiki vəziyyət dələduzların da işinə yarayıb. Belə ki, “iTicket”in rəsmi saytının dizaynını və adını təqlid edən saxta internet səhifələri yaradılıb. Həmin səhifələr sosial şəbəkələrdə ödənişli reklamlar vasitəsilə təbliğ olunur, ucuz bilet vədi ilə azarkeşlərin diqqətini cəlb edir.
Belə dələduzluğun qurbanlarından biri də iki bileti 220 manata almaq istəyən sosial şəbəkə istifadəçisi olub. O, saxta saytda kart məlumatlarını daxil edəndən sonra hesabından pulun çıxıldığını bildirib. İstifadəçi başına gələnləri sosial şəbəkə hesabında paylaşaraq digər azarkeşlərə xəbərdarlıq edib.
Qeyd edək ki, “iTicket” rəsmi bilet satışını yalnız mobil tətbiqi və iticket.az saytı vasitəsilə həyata keçirir. Azarkeşlərə saxta səhifələrə və şübhəli təkliflərə inanmamağı, kart məlumatlarını naməlum platformalarda paylaşmamağı tövsiyə edirik.
İSRAYIL XEYRULLAYEV
"Sabah" - "Barsa" oyununa iki bileti 220 manata almaq istədi, başına iş açdı - "iticket.az"ın da saxtası yaradıldı
Ölkə futbolu / Manşet





