“Barselona” yenə kamillik testindən keçə bilmədi - komandanın oyununda ciddi çatışmazlıq var

3.11.2026 16:42 9
Dünya futbolu
Ardıcıl qələbələrin təsiri altında “Barselona”nın növbəti çempionluğunun yaxında olduğunu düşünənlər “el klasiko”da “Real”a məğlubiyyətdən sonra fikrini dəyişməyə başlayıb. Bəs kataloniyalılarla bağlı nə baş verir, onlar niyə “qəzaya uğradı”?

Belə təsəvvür yaranır ki, “Barsa” ardıcıl 3-cü dəfə eyni “plastinkanı qoyub”. Komanda Hans-Diter Flikin rəhbərliyi altında həm rəqiblərin, həm publikanın başını fırladır, ardıcıl möhtəşəm oyunlar göstərir, ancaq ən vacib məqamlarda futbolçuların ayağı-ayağına dolaşır və məğlubiyyət qaçılmaz olur.

Əlbəttə, “el klasiko”dakı məğlubiyyətə bəraət qazandıran əsaslar tapmaq olar. Birincisi zədə amilidi. Cinah müdafiəçiləri qismində Flikin alternativləri yoxdu. Hələ yaxşı ki, Xavi Espart özünü yaxşı tərəfdən göstərir. Ancaq Erik Qarsiya ilə Kunde eyni vaxtda sıradan çıxan kimi məşqçi korpusu pislər arasından ən yaxşı variantı seçməli oldu. Espart 30-cu dəqiqədə meydanı tərk etməyə məcbur olanda isə “Barsa” dərhal asılı vəziyyətə düşdü.
İş ondadı ki, cinahlarda belə əlaqələr, ümumiyyətlə, rəsmi oyunlarda sınanmamışdı. Cinah müdafiəçilərindən ehtiyatda yalnız Balde qalmışdı ki, o da cari mövsümdə indiyə qədər meydanda heç yarım saat da olmamışdı. Baldeni doğma sol cinaha göndərdilər, onun yolu ilk dəfə Qordonla kəsişdi. Təbii ki, belədə hansısa qarşılıqlı anlaşmadan söhbət gedə bilməzdi – Alexandro ilə ingiltərəli ulduz sona qədər bir-birini anlamadı.

Elə sağ cinaha yollanan Kanselonun da Yamalla anlaşma səviyyəsi aşağı idi. Əvvəlki oyunlarda Lamindən arxada ya Erik Qarsiya, ya da da Kunde – müdafiə planlı oyunçular (mərkəz müdafiəçiləri kimi başlayırdılar) çıxış edirdi, belədə komandanın əsas ulduzu yalnız hücuma köklənirdi. Joaonu isə müdafiəçi adlandırmaq çətindi – portuqaliyalı rəqib qapısı önündə nə qədər fantastik təsir bağışlayırsa, müdafiə olunarkən də eyni dərəcədə inamsız görünür. Və bu problem onu karyerası boyunca müşayiət edir.

Odu ki, Bellingemlə Gülərin “divar pası” hesabına daim “Barsa”nın cinahlarını yarması, gah Diomandeni, gah da Mbappeni qapı önünə çıxarmaması təəccüb doğurmamalıdı. Bura məhz belə vəziyyətlərdə çox faydalı olan Olmonun zədəsini də əlavə edin. Dani düşüncə və mikrohərəkət hesabına rəqibi saniyənin ondabiri qədər qabaqlayır. Fermin Lopesdə belə incəlik çatışmır.

Yiğmaların oyunlarına görə yaranan uzunmüddətli fasiləni də xatırlamaq olar. Məhz həmin fasilə “Barsa”nın liderlərini yordu, oyun əlaqələrinin keyfiyyətinə təsir göstərdi. Ancaq bütün bunlar yalnız uğursuzluğa bəraət qazandırmaq cəhdidi. Reallıq budu ki, kataloniyalılar növbəti dəfə kamillik testindən keçə bilmədi.

“Real” isə əksinə, konsentrasiyanın nə qədər güclü amil olduğunu göstərdi. Madridlilər “el klasiko”ya bütün xətlərdə problemi olan aşkar autsayder kimi yaxınlaşmışdı. Ancaq onlar “Barsa”nın tam sürət yığa bilməyən bu versiyasının öhdəsindən indiki vəziyyətdə də gəlməyə qadirdi.

PSJ ilə “Real”dan alınan ardıcıl məğlubiyytlər ilk növbədə rəhbərlik, məhz Xuan Laporta və Deku üçün ciddi siqnaldı. Hər gün Flik üçün dua etmək, onun yeni Espart kəşf edəcəyinə və ya kadr çatışmazlığının öhdəsindən gəlməyin optimal yolunu tapacağına bel bağlamaq olar. Ancaq nə qədər ki hər xətdə keyfiyyətli futbolçuların sayı yetərincə olmayacaq, onda top səviyyəli rəqiblərlə oyunlarda hər cür məğlubiyyətin qeydə alınması mümkündü.

Bəli, Çempionlar Liqasının pley-off mərhələsində bir qədər bəxtə və “Barsa”nın hər mərhələdə buraxdığından daha çox qol vuracağına ümid etmək olar. Amma bu, çempion yanaşması deyil, sadəcə, əsassızdı. Flikə keyfiyyətli mərkəz müdafiəçisi alınana və cinahlarda rotasiya problemi həll olunana qədər kataloniyalıların, nəhayət, Çempionlar Liqasını qazanmaq səyləri kazinoda qumar oynamağa bənzəyəcək. Yəni bu artıq şans məsələsidi.
Əlbəttə, həyatda, böyük idmanda, elə konkret futbolda da uğur önəmli amildi. Ancaq rəhbərliyin əsas vəzifəsi odu ki, uğur nəzarət oluna bilən məqamlardan asılı olsun. Daha bəxtin üzə gülməsindən və ya ayrı-ayrı futbolçuların (tutaq ki, Yamalın) sehrindən yox. Qışda “Barsa”nın müdafiəni gücləndirmək şansı olacaq. “Belə də yola vermək olar” yanaşması əsrin ən parlaq komandalarından birinin ambisiyalarına zərbə vura bilər.

Bəs media nə yazır?
İspaniyanın idman mediasında ümumi təəssürat belədi ki, “Real”ın derbidəki qələbəsi çempionluq yarışını canlandırdı: 9 turdan sonra komandaları bir-birindən 6 xal ayırırdı, bu üzdən kataloniyalıların mümkün qələbəsi intriqanın axırına çıxa bilərdi. Ölkənin tanınan nəşrlərindən “Marca”nın manşeti “Real” qayıtdı” oldu. Elə AS-ın manşeti də bir o qədər fərlənmədi: “Real” yenə burdadı”.

AS-ın baş redaktorunun müavini, madridlilərin azarkeşi kimi tanınan Tomas Ransero belə bir sərlövhəli yazı dərc etdirdi: “Həyat ağ rəngə bürünəndə gözəldi”. Həmkarımız həmin yazıda “ağ şimşəklər”i hesabdan silməyin tez olduğunu vurğuladı və Lunini ayrıca təriflədi.

AS nəşrinin baş redaktorunun digər müavini, “Barselona” üzrə ixtisaslaşan Santi Ximenes “el klasiko”dan sonra ən sərt köşələrindən birini yazdı. O, oyunu belə xarakterizə etdi: “Real” bütün komponentlərdə güclü idi: meydanda, məşqçi skamyasında, əhval-ruhiyyədə, köklənmədə və hər iki cərimə meydançasında”.

Həmkarımız “Barselona”nı hədsiz özünəinamda suçladı, Flikin işini və Yamalın uğursuz çıxışını tənqid etdi. Ximenesin fikrincə, madridlilərin çalışdırıcısı Joze Mourinyo həmkarını tam üstələyib.