"Sabah"ı qiymətləndirməmək kimi seçimimiz yoxdu" - "Vikinq"in baş məşqçisi

3.11.2026 17:15 63
Avrokuboklar / Manşet
"Vikinq" Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda "Sabah"ı qəbul edəcək.

"Football-plus.az" xəbər verir ki, Norveç təmsilçisinin baş məşqçisi Byarte Lunde Arşeym oyundan əvvəl keçirilən mətbuat konfransında iştirak edib:

"Klubumuzdakı idarəetmə sistemi və iki baş məşqçinin birgə fəaliyyəti bəzilərinə qeyri-adi görünə bilər. Lakin bu, bizim illərdi uğurla tətbiq etdiyimiz modeldi. Bu gün mətbuat konfransında həmkarım Morten Jensenin niyə iştirak etmədiyi ilə bağlı sualları başa düşürəm. Burda heç bir gizli məqam yoxdu. Biz vəzifə və öhdəlikləri həftəlik əsasda bölüşürük. Qısası, bu həftə komandaya rəhbərlik etmək və mətbuatın qarşısına çıxmaq növbəsi məndədi. Morten isə tamamilə komandanın oyun planına və taktiki hazırlıqlara köklənib. Çempionlar Liqasında hər oyun bizim üçün böyük sınaqdı. Meydana ən hazır heyətlə çıxmalıyıq. Son məşqdə əsas hücumçumuz və bombardirimiz Peter Kristiansen ayaq əzələsində müəyyən sərtləşmə və ağrı hiss etdi. Buna görə hazırlığı ehtiyat tədbiri olaraq yarımçıq saxlamalı oldu. Onun "Sabah"a qarşı oynaya biləcəyinə ümid edirik. Lakin vəziyyətini tam riskə atmaq fikrində deyilik. Digər futbolçularımızın fiziki və psixoloji durumu yüksək səviyyədədi və matça tam hazırdılar. "Sabah" beynəlxalq arenada gənc komanda ola bilər. Lakin onların heyəti müxtəlif ölkələrdən gələn çox təcrübəli və dinamik oyunçulardan qurulub. Təhlillər göstərir ki, xüsusilə əks-hücumlarda və sürətli keçidlərdə çox təhlükəli futbol oynayırlar. Komandama və kapitanımız Zlatko Tripicə də bildirdiyim kimi, rəqibi qiymətləndirməmək kimi seçimimiz yoxdu. Avropada cəzalandırılmaq istəmiriksə, müdafiədə maksimum nizam-intizamlı olmalı və oyun tərzimizi diktə etməliyik".