“Oyunun yenidən keçirilməsi mümkün deyil” – “Zirə” uduzsaydı, necə olacaqdı?

3.11.2026 14:30 72
Ölkə futbolu / Manşet
Bu gün AFFA İntizam Komitəsi ölkə kubokunun 2-ci təsnifat mərhələsində keçirilən “Səbail” – “Zirə” matçı ilə bağlı qərarını açıqladı. Bəlli oldu ki, qurum meydan sahiblərinin ikinci sarı vərəqə alsa da, meydanı tərk etməyən futbolçusu Samuel Nonqohu bir matçlıq cəzalandırıb. “Səbail” bu səbəbdən 150 manat cərimə edilib.

Yaxşı, bəs, “qartallar” həmin görüşdə uduzsaydı, başverənlər üzündən etirazını bildirsəydi, başqa sözlə, oyunun yenidən keçirilməsini tələb etsəydi, hansı qərar veriləcəkdi?
Bu sualla AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Burda sırf hakim səhvindən söhbət gedir. Heç bir klubun haqqına girmək, başqa cür qərar qəbul etmək olmaz. Ədalət təmsilçisi səhv edibsə, komandaların günahı yoxdu. Dünya təcrübəsində də bu cür hallar çox olub. Hakimin yaratdığı problem üzündən matçın yenidən keçirilməsi, fərqli qərarların verilməsi mümkün deyil. Burda ancaq və ancaq hakim AFFA Hakimlər Komitəsi tərəfindən cəzalandırılmalıdı”.

Xatırladaq ki, “Səbail” – “Zirə” qarşılaşmasında əlavə vaxt oynanılıb. Burda 2:2 hesabı qeydə alınıb, penaltilər seriyasında (2:3) qonaqlar mərhələ adlayıb.

KƏNAN BAHADIR