Montella Türkiyənin qrupu haqda nə dedi?

3.12.2023 14:50 271
Türkiyənin AÇ-2024-ün qrupundakı 3 rəqibindən 2-si bəllidi.

"Football-plus.az" xəbər verir ki, söhbət Portuqaliya və Çexiya yığmalarından gedir. Orta yaşlı və stajlı futbolsevərlər dərhal AÇ-2008 ilə paralellər aparmağa başladı. Məlum olduğu kimi həmin vaxt da Türkiyə bu iki komanda, eləcə də İsveçrə ilə eyni qrupa düşmüşdü. Tarixinin ən uğurlu qitə turnirini keçirən qardaş ölkənin komandası həmin vaxt Fatih Terimin başçılığı altında yarımfinala qədər irəliləmişdi. Türkiyə belə desək, özü üçün həm ən uğurlu, həm də ən uğursuz rəqiblə eyni qrupa düşüb. Məsələn, ''ay-ulduzlular''ın indiyə qədər AÇ-lərin final mərhələlərində 1-dən artıq məğlub etdiyi yeganə komanda Çexiyadı. Türklər çexləri AÇ-2008-də 3:2, AÇ-2016-da 2:0 hesabları ilə yenib. Amma digər tərəfdən Türkiyə indiyə qədər Portuqaliyaya qarşı keçirdiyi 6 rəsmi oyunun hamısında məğlub olub! Üstəlik bunlardan 3-ü məhz qitə turnirlərində (1996, 2000, 2008) qeydə alınıb. Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montella püşkatmanın nəticəsini belə qiymətləndirib:
''Püşk elə püşkdü. Konkret olaraq arzuladığımız bir rəqib yox idi. Bundan sonra edə biləcəyimiz yeganə şey rəqibləri yaxşı incələyib oyunlara hazırlaşmaq olacaq. Bizim qrupumuz AÇ-2008-dəki qrupu xatırlatdı. O vaxt da Portuqaliya və Çexiya var idi. Futbol sürprizlərlə boldu. Türkiyə həmin turnirə son ''səbət''dən daxil olsa da, nələr etdiklərini gördük. Amma həmin vaxtdan bu yana 15 il ötüb. Həm futbol, həm komandalar, həm də taktikalar dəyişib. İndi yalnız onu deyə bilərəm ki, uğurlu çıxış etmək üçün əlimizdən gələni edəcəyik''.


Maraqlıdı ki, Montella ''daha öncə Portuqaliyanı heç vaxt məğlub edə bilməmişik. Bu dəfə bacaracağıqmı'' sualına gülümsəyərək ''inşallah'' cavabını verib.

ƏLİ