Avropada olduğu kimi Asiyada da Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları keçirilir.
Kriştiano Ronaldonun şərəfini qoruduğu Səudiyyə Ərəbistanı təmsilçisi ''Əl-Nəsr'' dünən bu mərhələnin ilk oyunu çərçivəsində bu ölkənin digər təmsilçisi ''Əl-Feyhə''nin qonağı oldu. Portuqaliyalı superulduzun 81-ci dəqiqədə vurduğu qol ''Əl-Nəsr''ə minimal hesablı qələbə qazandırdı. Mükəmməl formada olan 39 yaşlı Ronaldo qollarını sıralamaqda davam edir. O, ardıcıl 6-cı rəsmi qarşılaşmada meydanı qolsuz tərk etmədi və bu müddətdə 7-ci topunu vurdu!
Bu matçda Ronaldonun karyerasına aid bəzi maraqlı statistik detallar qeydə alındı. Belə ki, Kriştiano klub karyerasında yubiley - 1000-ci oyununu keçirdi və 746-cı qolunu vurdu. Daha bir maraqlı fakt odu ki, o, penaltiləri saymasaq, peşəkar karyerasında 713-cü qolunu vurdu və bu göstəricidə əbədi rəqibi Lionel Messiyə çatdı. Ümumilikdə Ronaldonun karyerası ərzində 1205 oyunda 874 qol, Messinin isə 1047 oyunda 821 qol vurduğunu bildirək.
ƏLİ
Ronaldo yubiley matçında ''Əl-Nəsr''ə qələbə qazandırdı
Dünya futbolu






