Rubialesin şikayəti rədd edildi

29.01.2024 10:31 215
Dünya futbolu
Luis Rubiales FİFA-ya müraciətinə mənfi cavab alıb.

"Football-plus.az" xəbər verir ki, ali futbol təşkilatı onun şikayətini rədd edib.

İspaniya Futbol Federasiyasının (İFF) sabiq prezidenti FİFA-nın onun futbolla bağlı fəaliyyətinə üç il müddətinə qadağa qoymasından narazılıq etmişdi. Lakin qurumun Apellyasiya Komitəsi onun şikayətini əsassız hesab edib. Bu komitə Rubialesin FİFA-nın İntizam Məcəlləsinin bəzi prinsiplərini pozduğuna qərar verməklə Nizam-İntizam Komitəsinin çıxardığı qərarı qüvvədə saxlayıb.

Xatırladaq ki, İspaniyanın qadınlardan ibarət yığması avqustun 20-də keçirilən finalda İngiltərəyə qalib gəlməklə (1:0) tarixində ilk dəfə dünya çempionu olub. Rubiales mükafatlandırılma mərasimində komandanın oyunçusu Cennifer Ermosonu medalla təltif edərkən onun dodaqlarından öpmüşdü. İFF-nin sabiq prezidenti bu hərəkətinə görə məhkəmədə də cavab verməli olacaq.