"Football-plus.az" xəbər verir ki, hakim Hənna Xəttabın oyuna sərxoş vəziyyətdə çıxdığı iddia olunur. 32-ci dəqiqədə suriyalı hakim “Əl-Cəzirə”nin qapıçısı Ərsin Destanogluna sarı vərəqə göstərib. Halbuki qapıçı qayda pozuntusu olan həmin epizodda iştirak etməyib. Təxminən 4 dəqiqə davam edən müzakirələrdən sonra Xəttab ehtiyat hakimlə söhbətin ardından qərarını dəyişərək vərəqəni ləğv edib.
“Qol Qohar”ın baş məşqçisi Mehdi Rəhmati fasilədə referinin normal vəziyyətdə olmadığını bildirib. İran klubu matçın rəsmi nümayəndələrindən hakimin dəyişdirilməsini tələb edib. Bu tələb nəticəsində ikinci hissədə Xəttabı ehtiyat hakim əvəzləyib. Referinin alkoqol qəbul etdiyi iddia olunsa da, bu, hələlik rəsmən təsdiqlənməyib.
“Qol Qohar”ın məşqçisi Heydər Əfsari oyundan sonrakı açıqlamasında vəziyyətin hər iki komandanı təəccübləndirdiyini deyib:
“Hakim normal vəziyyətdə deyildi. Hətta “Əl-Cəzirə”nin futbolçuları da bizə eyni fikri bildirdilər. Rəqibin “77” nömrəli oyunçusu ikinci qayda pozuntusundan sonra qırmızı vərəqə almalı idi, lakin hakim vərəqəni qapıçının adına yazdı”.





