Çempionlar Liqası
liqa mərhələsi, 5-ci tur
Sabah – Barselona (İspaniya) 1:4 (0:1)
92. Stas Pokatilov (k)
27. Timoteuş Puxaç
33. Junior Almeyda
(5. Rəhman Daşdəmirov, 76)
3. Stiv Solvet
80. Akim Zedadka
(17. Tellur Mütəllimov, 76)
13. İvan Lepinitsa
7. Umarali Raxmonaliyev
8. Kristian Nvaçukvu
37. Du Keyros
(10. Aleksey İsayev, 61)
34. Ksander Severina
(11. Kahim Parris, 61)
9. Xəyal Əliyev
(20 Coy-Lens Mikels, 45)
Ehtiyat oyunçular
1. Amin Ramazanov
94. Rəvan Mirzəmmədov
6. Abdulla Xaybullayev
16. Rauf Rüstəmli
21. Velko Simiç
88. Rodriqo Fernandeş
99. Patrik Mbina
Baş məşqçi: Valdas Dambrauskas
1. Xuan Qarsiya
3. Alexandro Balde
(2. Joao Kanselo, 64)
18. Jerar Martin
21. Frenki de Yonq
(41. Aleks Kampus, 64)
23. Jül Kunde
8. Pedri (k)
(20. Dani Olmo, 45)
6. Qavi
(4. Brayan Farinyas, 86)
17. Entoni Qordon
(11. Rafinya, 76)
7. Fermin Lopes
14. Karim Adeyemi
9. Qabriel Jezus
Ehtiyat oyunçular
13. Voytsex Şensnı
25. Dominik Livakoviç
5. Pau Kubarsi
22. Mars Bernal
24. Erik Qarsiya
27. Cessi Bisivu
42. Oskar Xistau
Baş məşqçi: Hans-Diter Flik
Qollar: E.Qordon, 31 (0:1). E.Qordon, 51 (0:2). K.Adeyemi, 55 (0:3). Q.Jezus, 60 (0:4). C.-L.Mikels, 63 (1:4).
Vərəqə: İ.Lepinitsa, 69 – sarı.
Hakimlər: NİKOLAS UOLŞ, Frensis Konnor, Deniel Makfarleyn, Donald Robertson (hamısı Şotlandiya).
VAR hakimi Endryu Dallas (Şotlandiya).
VAR hakiminin köməkçisi: Stiven Maklin (Şotlandiya).
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan).
UEFA nümayəndəsi: İva Olivari-Ulisa (Xorvatiya).
25 noyabr. Bakı/ Olimpiya Stadionu. 66321 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
oyunun statistikası
7 (3) qapıya (“çərçivə”yə) zərbə 21 (13)
4 künc zərbəsi 6
4 ofsayd 2
9 qayda pozuntusu 8
33 topa sahibolma (faizlə) 67
Etiraf edək ki, “Barselona”nın ölkəmizə bir də nə vaxt ayaq basacağını təxmin etmək mümkünsüzdü. Bəlkə gələn mövsüm, bəlkə gələn əsr. Ancaq “Sabah”ın işi futbol bayramından zövq almaqla məhdudlaşa bilməzdi. Söhbət Çempionlar Liqasından gedirsə, hədəf baxımlı, inamlı oyun göstərmək, mümkün ən yaxşı nəticəni qazanmaq olmalıdı. “Bayquşlar” məhz bunu etməyə çalışdı. Düzdü, təmsilçimiz nəinki qələbənin, heç-heçənin belə möcüzə sayılacağı oyunda fərqin darmadağın həddinə çatmasına mane ola bilmədi. Lakin cəsarətli çıxışı ilə səviyyə fərqini kölgədə qoymağa cəhd göstərdi. Özü də aparıcı oyunçuları Mikelslə Simiçin yüngül zədə üzündən start heyətində yer ala bilməmələrinə rəğmən. O başqa məsələ ki, qonaqlar da heyətdə rotasiyaya əl atmışdı. Ən əsası Yamal ayağında narahatlıq hiss etdiyi üçün Bakıya gəlməmişdi.
“Sabah” ilk hissədə ümidləri doğrultdu. Hətta Xəyal 9-cu dəqiqədə ələ düşən fürsətdən yararlansaydı, adını tarixə yazdıra bilərdi. Lakin Baldenin təzyiqi altında bəxtini sınamağa tələsən hücumçu Qarsiya səddinə ilişdi. Ardından Bakıda qol vurmaqdan ötrü sinov gedən Qordon qeyri-dəqiq zərbə ilə yadda qaldı. 17-ci dəqiqədə daha bir qol vəziyyəti yaradan meydan sahibləri bu dəfə Du Keyros üzündən hədəfə çata bilmədi. Hücumda inamlı görünməkdə davam edən “bayquşlar”ın növbəti hücumunu isə De Yonq kəsdi. Nvaçukvu yarımmüdafiəçinin kritik müdaxiləsinə görə Xəyalın ötürdüyü topu tora qovuşdurmağa macal tapmadı. 27-ci dəqiqədə “Sabah” daha böyük bəxtsizliklə üzləşdi. Puxaçın küncdən göndərdiyi “kürə” əvvəl Qarsiyanın, ardından Nvaçukvunun müdaxiləsi ilə Lepinitsanın önünə düşdü. Təəssüf ki, dərhal bəxtini sınayan xorvatiyalı tiri “nişan aldı”. Qonaqların ardıcıl hücumları isə qolla nəticələndi: bir qədər əvvəl Baldenin zərbəsini dəf edən Pokatilov 31-ci dəqiqədə Qordona təslim oldu. Düzdü, hücumçu çox keçmədən topu yenə tora qovuşdurdu. Lakin qol ötürmə müəllifinin – Jezusun ofsaydda olması səbəbindən sayılmadı. “Barselona”nın fasiləyə kimi fərqi artırmaq arzusu çin olmadı. 43-cü dəqiqədə Adeyemi qeyri-dəqiq oynadısa, ardından Fermin Pokatilovla bacarmadı. Belədə qonaqlar paltardəyişmə otağına minimal üstünlüklə yollandı.
“Barselona” 2-ci hissəyə fırtına kimi başladı. 51-ci dəqiqədə Qordon dubl etdi. O, Jezusun zərbəsini qarşılayan Pokatilovun topu üstünə qaytarmasından maksimum yararlandı. Cəmi 4 dəqiqə sonra isə Adeyemi Baldenin qapıya paralel ötürməsini qolla tamamladı. Kataloniya təmsilçisi 60-cı dəqiqədə fərqi bir qədər də artırdı. Ferminin küncdən göndərdiyi topu Kunde başla “çərçivə”dən keçirmək istəsə də, Pokatilovun müqavimətinə tuş gəldi. İş ondadı ki, qapıçının bu dəfə də topa yiyələnə bilməməsi Jezusun fürsətdən istifadə etməsi ilə nəticələndi. Xoşbəxtlikdən, ikinci yarıda meydana çıxan Mikels 63-cü dəqiqədə qollardan birinin əvəzini çıxdı. Nvaçukvu Lepinitsanın cərimə meydançasına göndərdiyi topu ona ötürdü ki, almaniyalı bacarığını İspaniya nəhənginə də göstərdi. Mikels çox keçmədən daha bir qola imza ata bilərdi. Ancaq Parrisin qapı qarşısına çatdırdığı “kürə”ni qarşılamaqda çətinlik çəkdiyindən Qarsiyaya uduzdu. Qalan vaxtda hər iki komandanın ifasında hücumlar izləsək də, hesab dəyişmədi. Solvet qapıçını aldada bilmədisə, Adeyemi tiri “nişan aldı”. 88-ci dəqiqədə Pokatilov Kanselonun fərqlənməsinə göz yummadı. Ardından Tellur qeyri-dəqiq zərbə ilə yadda qaldı. Adeyeminin 90+2-ci dəqiqədə fərqlənmək istəyi də puç oldu: Pokatilov yerində idi.
Beləliklə, “Sabah” “Barselona”ya böyük hesabla uduzdu. Ölkə çempionu 5-ci turu 36 komanda arasında 33-cü pillədə başa vurdu. Bundan sonra yalnız “qapını möhkəm çırpmaq” üzərində düşünmək lazımdı.
KƏNAN BAHADIR
Faciə də olmadı, möcüzə də - REPORTAJ
Reportaj





