Bakı Olimpiya Stadionunda keçirilən oyuna maraq böyük idi. İspaniya və dünya futbolunun nəhənginin Bakıya gəlişi şəhərdə də hiss olunurdu.
Oyundan əvvəlki saatlarda stadion ətrafında yaranan izdiham, 74 ölkədən gələn qonaqlar, formalar, şərflər və “Barselona” atributları gecənin adi qarşılaşmadan daha böyük hadisəyə çevrildiyini göstərirdi. Təşkilatçılıq baxımından da oyuna xüsusi hazırlıq görülmüşdü. Stadionun qarşısında qurulan fan-zona azarkeşlərin matçdan əvvəl vaxt keçirməsi, əylənməsi və futbol atmosferinə köklənməsi üçün nəzərdə tutulmuşdu. Amma matça 30 dəqiqə qalmış “iTicket” platformasındakı “QR kod” sistemi çökmüşdü. Bu səbəbdən azarkeşlər stadiona gec daxil ola bildi. Problem aradan qaldırdırılandan sonra BOS-un tribunaları, demək olar ki, doldu. Rəsmi statistikaya inansaq, stadionda 66 mindən artıq tamaşaçı var idi.
Müsbət məqamlardan biri də oyunöncəsi hazırlıq idi. Təşkilatçılar gecəni adi futbol matçından daha böyük tədbirə çevirməyə çalışmışdılar. Start fitindən əvvəl stadionda təşkil olunan işıq və fişəng şousu, musiqi xüsusi atmosfer yaratdı.
Düzdü, tribunaların doluluğu ilə azarkeş dəstəyinin səviyyəsi arasında müəyyən ziddiyyət vardı. Stadionda adam çox olsa da, gözlənilən səs-küy və vahid dəstək hiss olunmurdu. İspaniyadan gələn jurnalistlərin də diqqətini tribunaların davranışı çəkdi. Kataloniyanın ARA nəşrinin müxbiri Toni Padilyanın qənaətinə görə, tamaşaçıların önəmli hissəsi stadiona ilk növbədə “Barsa”nın ulduzlarını canlı görmək üçün gəlmişdi. Bu fikir tribunadakı mənzərə ilə müəyyən qədər üst-üstə düşürdü.
“Sabah”ın fəal azarkeş qrupları qarşılaşmaya biganə qalmamışdı. Onlar oyundan əvvəl komandaya dəstək verir, bayraqlar və pankartlarla tribunada özlərini göstərirdilər. Sona doğru vəziyyət dəyişdi. Təxminən 70-ci dəqiqədən etibarən tribunaların boşalmağa başladığını gördük. Matçdan sonra paltardəyişmə otağına doğru yönələn “Barselona” futbolçularından forma istəyən azarkeşlər hazırladığı pankartları onların üzərinə atdı. Böyük futbol bayramına yaraşmayan mənzərə idi. Futbolçular miks-zonadan keçərkən ora sızan üç azarkeş Rafinyanın üzərinə qaçdı, şəkil çəkdirdi.
Final fitindən sonra da stadion ətrafında sıxlıq yaşandı. Azarkeşlərin kütləvi şəkildə ərazini tərk etməsi ictimai nəqliyyatdan istifadə zamanı çətinliklər yaratdı.
İSRAYIL XEYRULLAYEV
Azarkeşlər “Sabah”, yoxsa “Barselona” üçün gəlmişdi? - “iTicket”də “QR kod” sistemi yenə çökdü
Avrokuboklar / Manşet





