FİFA Fransa Futbol Federasiyasının (FFF) müraciətinə cavab verib. FFF-nin şikayəti əsassız sayılıb.
Football-plus.az xəbər verir ki, ali futbol qurumu fransızların hücumçusu Antuan Qrizmannın qrup mərhələsinin sonuncu turunun Tunislə matçında (0:1) vurduğu, amma hesaba alınmayan qolu ilə bağlı şikayətini rədd edib. FFF oyun qaydalarındakı VAR-ın final fitindən sonra qolu ləğv edə bilməyəcəyini göstərən bənd əsasında hakimin qərarından apellyasiya şikayəti vermişdi. Buna baxmayaraq, FİFA-nın qərarına əsasən, oyunun nəticəsi dəyişdirilməyəcək.
Xatırladaq ki, 90+8-ci dəqiqədə Qrizmann qol vuraraq hesabı bərabərləşdirmişdi. Bununla belə, Yeni Zelandiyadan olan hakim Mettyu Konger final fitindən sonra VAR-a müraciət etmiş və ofsayda görə qolu ləğv etmişdi. Fransa yığması məğlubiyyətə baxmayaraq, D qrupundan lider kimi 1/8 finala çıxmış və bu mərhələdə Polşaya 3:1 hesabıyla qalib gələrək 1/4 finala vəsiqə qazanmışdı.