Misli premyer-liqasında fasilə başa çatdı və 2-ci dövrə start götürdü. 12-ci tur matçları da xeyli maraqlı məqamla tarixə düşdü. Gəncədə mövsümün yeni tamaşaçı rekordu, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun 900-cü oyununu keçirməsi, qonaqların uduzmaması öz yerində. İstər yuxarı, istər aşağı pillələrdə qərarlaşan komandalar bir-birindən gərgin sınaqların öhdəsindən gəlməyə çalışdı.
Fərid Namazov yola salınandan sonra meydana Ervins Perkonsun rəhbərliyi altında çıxan “İmişli” daha bir qənaətbəxş nəticəyə imza atdı. “Zirə”dən xal qopalan latviyalı ilə, necə deyərlər, alının təri ilə haqq etdiyi baş məşqçi müqaviləsi imzalandı. “Qartallar” isə aşağı süzülməkdə davam edir. Sabit nəticələr qazanmaqda çətinlik çəkən qəsəbə təmsilçisi ilk “dördlüy”ə qayıda bilmir ki, bilmir. İlk oyun günündə son oyunlarda performans baxımından ümid verən “Sumqayıt” da azarkeşlərini məyus etdi. Sanki “Mehdi Hüseynzadə” həsrəti bitən “kimyaçılar” qələbələrlə barışmaq istəmir. Söbət komandanın “Sabah”a 1:5 hesabı ilə uduzmasından gedir ki, bəli, bunda Lukas Blekin meydan sahiblərini azlıqda qoymasının da payı oldu. Sadəcə, “gənclik şəhəri” təmsilçisinin dərhal pərən-pərən düşməsi, müdafiədə kobud səhvlərə yol verməsi hələ psixoloji durumun qaydasında olmadığını üzə çıxardı. Belədə “bayquşlar” “yağlı tikə”ni bütöv şəkildə “uddu”.
İkinci oyun günündə mövsümə əla başlasa da, ardıcıl uğursuzluqlara düçar olan “Şamaxı” yenə tərəfdarlarını məyus etdi. Qələbə həsrəti 4 oyuna çatan “şirlər”i “bozqurd” “ovladı”. “Turan Tovuz”a isə çempionluq uğrunda yarışı davam etdirmək qaldı. Kurban Berdıyevin komandası “İmişli”yə 8-ci turdakı məğlubiyyətdən yaxşıca dərs alıb. Autsayderlərin duelində - “Şəfa” – “Qəbələ” oyununda qonaqlar qalib gəldi. Artıq “qırmızı-qaralar” üçün təhlükə o qədər də böyük deyil. Deyəsən, Yeton Bekiri beton kimi möhkəm kollektiv formalaşdırmağa çalışır. Son oyunlara kimi hakimlərdən gileylənən Zaur Həşimov isə artıq klubdaxili birliyə eyham vurmaqla tənqid oxlarını başqa istiqamətlərə yönəltməklə məşğuldu. Belədə debütantın aqibəti ilə bağlı müsbət fikir səsləndirmək, təbii ki, sadəlövhlük olar.
Son oyun günündə daha iki matç keçirildi. “Araz-Naxçıvan”ın qonağı olan, hər iki hissədə üstün performans sərgiləyən “Neftçi” haqq etdiyi qələbəni aldı. “Ağ-qaralar” bununla “Sabah”ın zirvədə iki gündən artıq qalmasına imkan vermədi. “Qırmızı-ağlar” isə sanki “zirzəmi”yə sədaqət andı içib, qələbəyə birdəfəlik tövbə edib. Turun mərkəzi, böyük maraqla gözlənilən oyununa gəlincə, “Kəpəz” – “Qarabağ” matçında nə qol səsi eşitdik, nə qələbə sevinci gördük. Nə 15 mindən çox tərəfdarının da dəstəyi ilə rəqibə çətin anlar yaşadan, qələbəyə daha yaxın olan “sarı-göylər” istəyinə çatdı, nə də son yarım saatda təşəbbüsü ələ alan “köhlən atlar” rəqibin müqavimətini qıra bildi. Düzdü, belədə gəncəlilərin iki xal itirdiyini demək olar. Ancaq reallıq “Kəpəz”in qazanclı tərəf olduğunu deyir. İtirən isə heç şübhəsiz, son 4 matçda qol vura, qalib gələ bilməyən “Qarabağ”dı!
20 noyabr
İmişli – Zirə 2:2
Sumqayıt – Sabah 1:5
21 noyabr
Şamaxı – Turan Tovuz 0:2
Şəfa – Qəbələ 0:2
22 noyabr
Araz-Naxçıvan – Neftçi 1:3
Kəpəz – Qarabağ 0:0
1. Neftçi 12 8 3 1 29-12 27
2. Sabah 11 7 3 1 27-7 24
3. Turan Tovuz 12 7 3 2 14-8 24
4. Qarabağ 11 5 5 1 14-8 20
5. Zirə 12 5 5 2 18-17 20
6. Kəpəz 11 5 3 3 10-10 18
7. Şamaxı 12 3 5 4 17-18 14
8. İmişli 12 3 3 6 11-17 12
9. Qəbələ 12 3 2 7 8-18 11
10. Sumqayıt 11 2 4 5 14-19 10
11. Şəfa 12 1 2 9 8-22 5
12. Araz-Naxçıvan 12 0 4 8 12-26 4
Bombardir: Breno Almeyda (Neftçi) – 9.
Növbəti turun poqramı belədi: 27 noyabr – İmişli – Şəfa, Neftçi – Zirə, 28 noyabr – Turan Tovuz – Kəpəz, Sabah – Araz-Naxçıvan, 29 noyabr – Şamaxı – Qəbələ, Qarabağ – Sumqayıt.
KƏNAN BAHADIR
“Neftçi” qaçır, “Sabah” qovur, “Qarabağ” yerində sayır... - ŞƏRH
Ölkə futbolu





