“Flamenqo” titulunu qorudu! - İCMAL

27.11.2026 15:57
Dünya futbolu
Braziliya çempionatında keçirilən 35-ci və 36-cı turlardan sonra 2026-cı il mövsümü ilə bağlı əsas suala cavab tapıldı. Bu mövsümün yekunu da bir əvvəlki kimi oldu: “Flamenqo” çempion titulunu qorudu, “Palmeyras” isə yenə vitse-çempionluqla barışdı.

34-cü turdan sonra əsas izləyicisini 4 xal qabaqlayan lider “Flamenqo” növbəti iki oyunda lazımi nəticəyə nail oldu. Son çempion tura 5-ci yerdə başlayan və mövsümü bürünc mükafatçı kimi başa vurmaq şansını qoruyan “Atletiko Paranaense”dən evdə maksimum xal almaqda bir qədər çətinlik çəkdi. Rio de janeyrolular qonaqların 10-cu dəqiqədə hesabı açmasına dərhal reaksiya verdilər: Karraskal 16-cı dəqiqədə cavab qolunu vurdu, Jorjinyo isə penalti ilə “Fla”nı önə keçirdi. Leonardo Jardimin komandası qalan vaxtda oyuna nəzarət etsə də, sonda 2:1 hesablı qələbə ilə kifayətləndi.

Reqlamentə əsasən, “Kruzeyro” – “Palmeyras” oyunu da paralel keçirildi. İnadla çempionluğa can atan qonaqlar üçün Belu Orizonte səfərinin çətin keçəcəyi aydın idi. Mövsümün həlledici mərhələsində yüksəlişdə olan “Kruzeyro” ardıcıl 4 qələbə qazanmaqla 3-cü yerdə möhkəmlənmişdi. Artur Jorjenin komandası uğurlu oyunlar seriyasını davam etdirdi. Amma matçın ilk hissəsində san paululular daha güclü göründülər. Buna baxmayaraq, oyun planında üstünlüklərini yalnız fasilədən dərhal sonra Sosanın qolu ilə tabloda əks etdirə bildilər. İlk hissədə çox enerji sərf edən Abel Ferreyranın komandası tədricən gücünə qənaət etməyə başladı. Səbəb sadədi: “Palmeyras” növbəti oyunu evdə “Flamenqo”ya qarşı keçirəcəkdi. Amma “yaşıllar”ın planı baş tutmadı. İkinci hissənin əvvəlindən üstünlüyü ələ alan meydan sahibləri rəqibini iki dəqiqə ərzində şoka saldılar: Pereyranın 73-cü dəqiqədə hesabı bərabərləşdirməsindən az sonra müdafiəçi Xellven növbəti hücumun qarşısını almaq istəsə də, topu öz qapısına yönəltdi. Vəziyyətin iki andaca 180 dərəcə dəyişməsi qonaqlara sarsıdıcı zərbə oldu. Sona azı 15 dəqiqə qalsa da, heç-heçəyə belə nail ola bilməyən san paululular mövsümün sonuna 3 tur qalmış liderdən 6 xal geri düşdülər.

Bu isə o demək idi ki, 36-cı turun “Palmeyras” - “Flamenqo” matçı heç-heçə sona çatacağı halda Rio de Janeyro klubu çempionluğu rəsmiləşdirəcəkdi. Qeyd edək ki, Braziliya çempionatının reqlamentinə əsasən, turnir cədvəlində xalların bərabərliyi halında ilk növbədə daha çox qələbə qazanan komandaya üstünlük verilir. “Flamenqo” San Pauludakı oyun ərəfəsində rəqibindən 3 qələbə çox qazanmışdı. Başqa sözlə, heç-heçə halında Jardimin komandası qalan son iki oyunda uduzacağı halda belə çempion olacaqdı. Həm də buna görə evdə “Fla”nı mütləq məğlub etməli olan “Palmeyras” ilk dəqiqələrdəki üstünlüyünü qola çevirməyi bacardı: Aryas 12-ci dəqiqədə Qayın ötürməsi ilə hesabı açdı. Amma ev sahibləri sanki işini bununla bitmiş hesab etdilər. Tədricən üstünlük qonaqların tərəfinə keçdi. Lakin bundan yararlana bilmədilər. İkinci hissə qarşılıqlı hücumlar şəraitində keçdi. “Flamenqo”nun həmlələri daha yaddaqalan olurdu. Komandalar qapıya kifayət qədər zərbə endirdilər. Qapıçılardan Karlos Migelin 6, Rossinin 5 seyv etdiyi matçın 76-cı dəqiqəsindəki epizod çempionluq yarışının nəticəsini müəyyən etdi: Linonun zərbəsi Karlos Migel üçün qarşısıalınmaz oldu. Qalan vaxtda san paululuların qələbə üçün cəhdləri nəticə vermədi və Jardimin komandası finişə 2 tur qalmış ardıcıl 2-ci, ümumilikdə isə 9-cu dəfə ölkə çempionu oldu. Bu göstərici ilə “Santos”u arxada qoyan “Flamenqo” yalnız 12 dəfə Braziliyanın ən güclü komandası adını qazanan “Palmeyras”dan geri qalır.

Son iki tur “Kruzeyro” üçün də uğurlu alındı. “Palmeyras”dan sonra “Şapekoense”ni də 2:1 hesabıyla məğlub edən “göylər” 3-cü yerdə bir qədər də möhkəmləndilər. Qələbə seriyasını 6 oyuna çatdıran Artur Jorjenin komandası son iki turda 3 xal qazanacağı halda bürünc medalları özü üçün təmin edəcək.

“Fluminense” də son iki oyunda qalib gəldi. Səfərdə “San Paulu”nu, evdə “Mirassol”u 1:0 hesabıyla məğlub edən rio de janeyrolular qələbə seriyasını 4-ə çatdırdılar. Markaonun komandası mövsümü mükafatçılardan biri kimi başa vurmaq şansını qorudu.

Hesabat turunda mövsümün ikinci uğursuzu da müəyyənləşdi. “Atletiko Paranaense”yə 2:4 hesablı məğlubiyyət “Remo”nun A seriyasını tərk edəcəyini rəsmiləşdirdi. Bu komanda qalan iki oyunda maksimum nəticə göstərəcəyi halda belə 18-ci yerdən yuxarı qalxa bilməyəcək.

35-ci tur
Flamenqo - Atletiko Paranaense 2:1

Karraskal, 16. Jorjinyo, 26-p. – Varqas, 10.

Kruzeyro - Palmeyras 2:1
Pereyra, 73. Xellven, 75-öz qapısına – Sosa, 46.

San Paulu - Fluminense 0:1
Herkules, 32.

Qremio - Bayya 0:0

Korintians - Botafoqo RJ 4:0

Andrade, 28; 60; 67. Çaves, 34-öz qapısına.

Koritiba - Santos 0:1
Qabriel Barboza, 90+1.

Remo - Şapekoense 2:0
Jaja Silva, 2. Patrik, 20-p.

Vasku da Qama - İnternasyonal 2:1
Tyaqo Mendes, 26. Kolidio, 63 – Juninyo, 51.

Vitoriya - Braqantino 2:1
Britez, 4. Rene, 24 – Moskera, 73.

Mirassol - Atletiko Mineyro 0:0

36-cı tur
Palmeyras - Flamenqo 1:1

Aryas, 12 - Lino, 76.

Şapekoense - Kruzeyro 1:2
K.Qomes, 74 – M.Pereyra, 49. Qassova, 88.

Fluminense - Mirassol 1:0
Rikelme Felipe, 90+1.

Atletiko Paranaense - Remo 4:2
Mendosa, 9. Varqas, 32. Leozinyo, 68. Jorje Rivaldo, 84 – Braqa, 62. Qaleano, 90.

Bayya - Koritiba 0:1
B.Lopes, 74.

Braqantino - Vasku da Qama 1:0
Eduardo Saşa, 66.

İnternasyonal - Vitoriya 2:5
Vitinyo, 41. Alerrandro, 70 – Rene, 1. Dieqo Tarzia, 19. Ramon, 57. Baralya, 87. Renato Kayzer, 90+2.

Botafoqo RJ - San Paulu 1:1
Tikinyo, 81 – Pedro Lima, 28.

Santos - Qremio 0:2
Amuzu, 13. Breytveyt, 76-p.

Atletiko Mineyro - Korintians 1:1
Kuelyo, 90+2 – Kayo Sezar, 70.

1. Flamenqo 36 24 8 4 74-31 80
2. Palmeyras 36 21 11 4 64-26 74
3. Kruzeyro 36 20 6 10 59-50 66
4. Fluminense 36 18 9 9 57-42 63
5. Atletiko Paranaense 36 16 9 11 56-47 57
6. Bayya 36 14 12 10 50-46 54
7. Atletiko Mineyro 36 14 10 12 45-41 52
8. Braqantino 36 14 8 14 46-41 50
9. Santos 36 13 11 12 51-51 50
10. Vasku da Qama 36 13 8 15 47-52 47
11. San Paulu 36 12 9 15 40-41 45
12. Koritiba 36 12 9 15 41-52 45
13. Vitoriya 36 12 8 16 42-54 44
14. Botafoqo RJ 36 11 10 15 47-58 43
15. Korintians 36 10 11 15 41-43 41
16. Qremio 36 10 11 15 40-47 41
17. Mirassol 36 10 11 15 39-49 41
18. İnternasyonal 36 9 11 16 41-49 38
19. Remo 36 7 11 18 41-61 32
20. Şapekoense 36 4 9 23 34-74 21

Bombardirlər: Viveros (Atletiko Paranaense) - 21, Pedro (Flamenqo) - 20, Qabriel Barboza (Santos) - 16, Kayo Jorje (Kruzeyro) - 14.