Tura Samaradakı “qol yağışı” ilə start verildi.
“Football-plus.az” xəbər verir ki, “Krılya Sovetov” “Lokomotiv”lə ev oyununda 90-cı dəqiqəyə 2 top geridə daxil olsa da, mükəmməl əzmkarlıq sərgiləyərək 1 xal qazandı. Bununla belə, “Krılya Sovetov”un bu rəqibə qarşı premyer-liqada qələbəsiz seriyasının 19 oyuna yüksəldiyini bildirək. Son qələbə 2011-in aprelində əldə olunub. Yüksəlişdə olan “Zenit” mövsümün aşkar autsayderi “Soçi” ilə ev oyununda, gözlənildiyi kimi, asan qələbə qazandı. Yeri gəlmişkən, piterlilər ardıcıl 23-cü oyunda qol vurmaqla müstəqil Rusiya çempionatı tarixinin yeni rekordunu müəyyənləşdirdilər! Bu oyuna qədər onlar rekordu “Lokomotiv”(2022/23) və ÇSKA (2003) ilə bölüşürdülər. Piterlilərdən çempionatda qol buraxmayan sonuncu komanda aprelin 16-da “Rostov” olub (0:0). Bu qələbə sayəsində “Zenit” bu mövsüm ilk dəfə liderliyə yüksəldi. Çünki böhrandan çıxa bilməyən “Krasnodar” xalları sağa-sola paylamaqda davam edir. Vladimir İviçin komandası bu dəfə avqustdan (!) bəri qələbəsi olmayan “Ural”a uduzdu. Qonaqlar matçboyu “çərçivə”yə cəmi bir zərbə vurdular ki, o da qolla nəticələndi. “Öküzlər” ilk 11 turdan sonra cəmi 5 top buraxmışdılar və ən yaxın rəqibi 6 xal qabaqlayırdılar. Amma son 5 turda komanda 8 top buraxıb və yalnız 5 xal toplayıb. Turun mərkəzi oyununda ÇSKA gözlənilmədən öz meydanında “Dinamo”ya məğlub oldu. “Dinamo” 2014/15-dən bəri ilk dəfə “hərbçilər”i mövsümün hər iki oyununda yenməyi bacardı. Ümumiyyətlə, “Dinamo” elitaya qayıtdığı 2017-dən bəri ÇSKA-ya qarşı premyer-liqada keçirdiyi 14 qarşılaşmanın yalnız ikisində uduzub (7 qələbə, 5 heç-heçə). “Spartak”ın Kalininqrad səfəri böyük müzakirələrə səbəb oldu. Düzdü, Moskva nəhəngi sürprizə imkan vermədi. Söz-söhbətə səbəb olan məqam isə o oldu ki, güclü qarın fonunda “Spartak” ağ forma ilə oynadı və üstəlik top da ağ rəngdə idi. Yəni ekrandan oyunu izləyənlər meydanda nə baş verdiyini anlamaqda çətinlik çəkirdi. Bu qələbə ilə 4-cü pilləyə yüksələn “Spartak” həm də şəxsi antirekordunu bitirməyə müvəffəq oldu. Belə ki, komanda buna qədər çempionatda ardıcıl 18 səfər oyununda qol buraxmışdı! Son həftələrin diqqəti çəkən kollektivlərindən biri də “Rubin”di. “Fakel”i minimal hesabla yenən kazanlıların qol buraxmamaq seriyası 6, qələbə seriyası 4 oyuna çatdı.
16-cı tur
Zenit – Soçi 3:0
Rodriqao, 45+2. İzidor, 58. Mostovoy, 89.
Zenit: Kerjakov, Kruqovoy, Yerakoviç (Çistyakov, 77), Rodriqao, Alip (Sutormin, 82), Santos, Barrios, Vendel (Yeroxin, 78), Klaudinyo (Sergeyev, 69), Mostovoy, İzidor (Kovalenko, 69).
ÇSKA – Dinamo 2:3
Fayzullayev, 23. Zabolotnı, 40 – Bitello, 7; 54. Tyukavin, 74.
ÇSKA: Akinfeyev, Kellven (Qlebov, 82), Zdelar, Roşa, Moyzes, Qayiç, Mendes (Nababkin, 72), Oblyakov (Davila, 82), Çalov, Fayzullayev, Zabolotnı.
Baltika – Spartak 0:2
Xluseviç, 32. Promes, 88.
Spartak: Maksimenko, Xluseviç, Duarte, Babiç, Ryabçuk, Prutsev, Litvinov (Martins, 90), Medina (Denisov, 80), Zinkovski (Çernov, 90), Promes (Bonqonda, 90+4), Sobolev (Laykin, 90+4).
Krılya Sovetov – Lokomotiv 3:3
Kostantsa, 32. Pisarski, 90+4. Qarre, 90+12-p. – Pinyaev, 30. Jemaletdinov, 62; 84.
Lokomotiv: Lantratov, Nenaxov, Morozov, Fasson, Mitay (Silyanov, 46), Karpukas, Barinov, Qluşenkov (Samoşnikov, 67), Mirançuk (Jemaletdinov, 57), Pinyaev (Rıbçinski, 67) Dzyuba (Süleymanov, 80).
Ural – Krasnodar 3:1
Emerson, 30. Yeqorıçev, 59. Kaştanov, 86 – Kordoba, 21.
Rubin – Fakel 1:0
Bezrukov, 37.
Rostov – Nijni Novqorod 1:0
Osipenko, 61-p.
Orenburq – Axmat 1:1
Obuxov, 50 – Ağalarov, 65-p.
1. Zenit 16 10 3 3 33-14 33
2. Krasnodar 16 9 5 2 25-13 32
3. Dinamo 16 7 7 2 27-21 28
4. Spartak 16 8 3 5 23-22 27
5. Krılya Sovetov 16 7 5 4 34-24 26
6. ÇSKA 16 6 7 3 29-23 25
7. Rubin 16 7 4 5 16-20 25
8. Lokomotiv 16 6 7 3 24-22 25
9. Nijni Novqorod 16 6 3 7 14-15 21
10. Rostov 16 5 5 6 24-27 20
11. Fakel 16 5 4 7 14-18 19
12. Ural 16 5 4 7 18-25 19
13. Orenburq 16 3 5 8 17-25 14
14. Axmat 16 3 4 9 16-22 13
15. Baltika 16 3 3 10 12-23 12
16. Soçi 16 3 1 12 16-28 10
Bombardirlər: Kassyerra (Zenit) – 12, Kordoba (Krasnodar) – 8, Çalov (ÇSKA), Spertsyan (Krasnodar), Tyukavin (Dinamo), Qarre (Krılya Sovetov) – 7.
Növbəti turun oyunları dekabrın 2-4-ü aralığında keçiriləcək: Krasnodar – Orenburq, ÇSKA – Rostov, Dinamo – Rubin, Lokomotiv – Zenit, Axmat – Spartak, Soçi – Krılya Sovetov, Fakel – Baltika, Nijni Novqorod – Ural.
Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi: “İlk 40 dəqiqədə pis oynamasaq da, tempimiz aşağı idi. Bu üzdən topa nəzarət etməyimizə baxmayaraq, qol vəziyyəti yarada bilmirdik. Standart zərbə köməyimizə çatdı. Rəqib bütün komanda ilə müdafiə olunduqda tez oynamaq və son qərarları düzgün vermək lazımdı. İkinci hissədə “Soçi” artıq hücuma çıxmağa məcbur olurdu. Bu üzdən hücumlarımız daha təhlükəli alınmağa başladı. Layiqli qələbə qazandıq. Müdafiədəki oyunumuzdan tam razı qaldım. Hücum xəttində isə üzərində işləməli olduğumuz məqamlar var. Qadınlardan ibarət komandamızı da çox çətin mübarizədə qalib gələrək çempion olmaları münasibətilə təbrik edirəm”.
Gilyermo Abaskal, “Spartak”ın baş məşqçisi: “Əsl Rusiya futbolunun nə demək olduğunu, nəhayət, öz gözlərimlə gördüm. Matçdan öncə meydanın ot örtüyünün vəziyyəti ilə maraqlandım və mənə hər şeyin qaydasında olduğunu dedilər. Amma meydana çıxanda hər yerin ağappaq olduğunu gördük. Mənim üçün böyük bir təcrübə idi. Bu oyunu uzun illər unutmayacam. Elə olurdu ki, 20-25 metrlik məsafədən oyunçumu görə bilmirdim. Qarlı havaya baxmayaraq, futbolçularım meydanın hər qarışı uğrunda gözəl mübarizə apardılar. Onlarla fəxr edirəm. Əvvəllər Rusiya klublarının fevralda və martda ÇL-də, AL-də keçirdiyi oyunları xatırlayıram. Bəzən belə havanın hesabına mərhələni adlayırdılar. Özümə gəlincə, daxilimdə emosiyalar 45 dərəcədi. Psixoloji amillər və motivasiya soyuğun öhdəsindən gəlməyə yardım edir”.