“Neftçi”nin zirvədə görünməsi reallıqdı, yoxsa müvəqqəti? - KÖŞƏ

26.11.2026 19:16
Yazarlar / Manşet
“Neftçi” Şamaxıya budəfəki səfərindən də qələbəylə qayıtdı.

Ümumiyyətlə, bir çoxları üçün Şamaxıdakı süni örtüklü meydanda oynamaq çətinlik törətsə də, “Neftçi” bu çətinliyi hiss etmir. Təxminən üç həftə əvvəl “ağ-qaralar” Şamaxıda yerli komanda ilə qarşılaşmış və onda da rəqib qapısına üç dəfə yol tapmışdı. Həmin qarşılaşmada rəqib indikindən daha ciddi idi. Amma “Neftçi” həm o səfərdən, həm də “Araz Naxçıvan”la qarşılaşmadan qələbə ilə ayrılmağı bacardı. Deməli, Şamaxıdakı süni örtük “Neftçi”yə ciddi problem yaratmır və “ağ-qaralar” səviyyə fərqini ortaya qoyub, nəticə qazanmağı bacarır.

12 turda sonra “Neftçi” turnir cədvəlinin zirvəsindədi. Komanda zirvədə özünü xeyli rahat hiss edir, rəqiblərinin büdrəməsindən yararlanır. Xüsusən də “Sabah”ın başının Çempionlar Liqasına qarışması, “Qarabağ”ın yenilənmiş heyətinin gözlənilən səviyyədə çıxış etməməsi “Neftçi”nin işinə yarayır. Sözsüz, hazırda çempionluq yarışının içində “Turan Tovuz”un da adı var və mən də bunu gözardı etmək fikrində deyiləm. Amma qərb təmsilçisi o qədər qeyri-sabit çıxış edir ki, Kurban Berdıyevin çalışdırdığı komandanın bu yarışda uzun müddət iştirak edəcəyinə inanmaq çətindi. Lap elə bunun əksi baş versə də, ümumi mənzərə dəyişmir.

Bugünkü mövzumuz “Neftçi”nin çempionluq iddiaları və zirvədə qərarlaşmasıdı. Bunun reallıq, yaxud da müvəqqəti yüksəliş olduğunu araşdırmağa, fikirlərimizi bölüşməyə davam edək.
Heç şübhəsiz, “Neftçi”nin bu yüksəlişində baş məşqçi Yuri Vernidubun payı böyükdü. Ukraynalı mütəxəssis “Neftçi”yə gəldiyi gündən ortaya ciddi iş qoymağı bacardı. Ötən mövsümün gedişində yeni eraya qədəm qoyan “ağ-qaralar” hadisələrin xoşbəxt sonluğu sayəsində avrokuboklara da vəsiqə qazana bildi. Amma Konfrans Liqasındakı çıxış elə də ürəkaçan alınmadı. “Neftçi” elə ilk addımındaca büdrədi, özü də Bakıda keçirdiyi qarşılaşmanın startındaca 2:0 önə keçib, bu hesabı qoruya bilmədi. Bu isə həm Vernidubun, həm də onun formalaşdırdığı “Neftçi”nin xarizmasına ciddi zərbə oldu. Avrokuboklardakı mübarizəsi başlamamış bitən “Neftçi” bu məğlubiyyətin şokundan tez ayıla bildi və bütün diqqətini ölkə çempionatına yönəldə bildi. Burda isə onu “Sabah”, “Qarabağ”, “Turan Tovuz”, “Zirə” kimi rəqiblərlə ciddi mübarizə gözləyirdi.

“Neftçi” hələ ki bu mübarizdən üzüağ çıxmağı bacarır. Özü də Vernidubun komandası zirvəyə sırf nəticə üçün oynamaqla, praqmatik futbol elementlərinə üstünlük verib, “avtobus taktikası”ndan yararlanmaqla yüksəlməyib. Komandanın oyun üslubu, məhsuldarlığı azarkeşlərin ürəyincədi. Heç də təsadüfi deyil ki, çempionatın ən məhsuldar futbolçusu “Neftçi”nin vingeri Breno Almeydadı. Onun hesabında 12 oyuna 9 qol var. Burda bir məqama da diqqət çəkmək istərdim. “Neftçi” ümumilikdə məhsuldar oyun sərgiləyir, çoxlu qol vurur. Almeyda komandanın qollarının təxminən 30 faizini vurub. Bu da ondan xəbər verir ki, onun komanda yoldaşları da rəqib qapısına yol tapmağı, komandanın qələbələrinə töhfə verməyi bacarır. 12 turdan sonra “Neftçi” rəqib qapılarından 29 top keçirib. Bakılılar bu göstəricidə də başqalarını qabaqlayır. “Neftçi”nin qol sayına görə də ən yaxın izləyicisi “Sabah”dı. Belə ki, “bayquşlar” “Neftçi”dən bir oyun az keçirib və 27 dəfə fərqlənib. “Neftçi” bir oyun artıq keçirsə də, 29 qolluq nəticə qürrələnmək üçün əsas verir.

Bu qədər pozitiv məqamın fonunda narahatlıq doğuran bir fakt da var və onu gözardı etmək olmaz. Belə ki, “Neftçi” öz qapısında 12 qol görüb. Bu göstəriciyə görə “ağ-qaralar” hətta “Kəpəz”dən də geri qalır. Çempionluq yolunda “Neftçi” üçün ciddi rəqib sayılan “Sabah”, “Qarabağ” və “Turan Tovuz” daha etibarlı müdafiəçilərə sahib olması ilə öyünə bilər. Emil Balayev və Rza Cəfərovla yanaşı, intizamsız müdafiəçilər də “Neftçi”nin bu göstəricidə əsas rəqiblərinə uduzmasında böyük rol oynayır. Gözləmək olar ki, “Neftçi” Vernidubun istəyi ilə qışda müdafiə və qapı xəttinə “əl gəzdirəcək”, daha az qol buraxmaq üçün yollar axtaracaq. Çünki heç də həmişə bu qədər məhsuldar çıxış etmək mümkün olmaya bilər.

“Neftçi”ni qarşıda “Zirə” ilə oyun gözləyir. Bu mövsüm “ağ-qaralar” yeganə məğlubiyyətini məhz bu komandadan alıb. Məğlubiyyətin əvəzini çıxmaq mümkün olsa, “Neftçi”nin çempionluq iddiaları bir qədər də ciddiləşəcək.

AMAL