Türk və israilli fanatlar arasında dava düşəcəkmi? - ''Beşiktaş''ın təyyarəsi Batumiyə eniş edə bilmədi!

26.11.2026 19:37
Dünya futbolu
Noyabrın 26-da ''Beşiktaş'' Avropa Liqasında liqa mərhələsinin 5-ci turunda ''Hapoel Beer-Şeva'' ilə qarşılaşacaq.

İstanbul nəhəngi meydan sahibi statusunda olsa da, təhlükəsizliklə bağlı məsələlər üzündən oyun Gürcüstanın Batumi şəhərində keçiriləcək. UEFA-nın qərarı ilə oyuna həm türkiyəli, həm də israilli azarkeşlər buraxılacaq. 20 minlik ''Batumi Stadionu''nda qonaqlar üçün 5 faiz yer, yəni 1000 nəfərlik tribuna ayrılacaq.

İddialara inansaq, ''Hapoel''i təxminən 300 azarkeş dəstəkləyəcək. Yaxşı münasibətlərdə olmayan iki ölkənin fanatlarının eyni anda stadionda olması üzündən bu matçda təhlükəsizlik tədbirləri gücləndiriləcək. Batumiyə getməyi planlaşdıran israilli fanatlara artıq harda toplaşmaq, çox insan toplaşan məkanlardan uzaq durmaq kimi göstərişlər verilib. ''Beşiktaş''lılar isə oyuna ciddi maraq göstərir. İstanbul nəhənginin çox güclü azarkeş dəstəyinə malik olacağı gözlənilir.

İki il öncə ''qartal'' AL-də İsrailin digər təmsilçisi ''Makkabi Tel-Əviv''i Macarıstanın Debretsen şəhərində qəbul etmiş və həmin oyun azarkeşsiz keçirilmişdi.

Yeri gəlmişkən, ''Hapoel'' bu mövsüm AL-də səfərdə ilk dəfə azarkeş dəstəyinə malik olacaq. Bu komanda əvvəlki turlarda ''Alkmaar'' və ''Yunion''la səfər oyunlarına azarkeş gətirə bilməmişdi. Bu arada Batumidə hava şərtlərinin kəskin pisləşməsi üzündən ''Beşiktaş''ın üzvlərini daşıyan təyyarənin bu şəhərdə eniş edə bilmədiyi məlum olub. Təyyarə Batumi hava limanında bir neçə dəfə dövrə vurduqdan sonra enişə icazə verilmədiyindən məcburi Rizəyə uçmalı olub. Burdan isə komanda avtobusla Batumiyə yollanacaq.

Bundan başqa oyunun hakimi Martin Kroq və köməkçilərinin də məhz hava şərtləri üzündən Batumiyə vaxtında çata bilmədiyi məlum olub. Danimarkadan olan hakimlər briqadası Trabzonda eniş ediblər və onların da avtobusla Batumiyə yollanacağı gözlənilir.