Bu matçda hər iki komandaya qələbə çox vacib idi.
Əsasən da son pillədə qərarlaşan, bir neçə gün əvvəl Azər Məmmədovla vidalaşan "Kəpəz" üçün finala bərabər oyun saymaq olardı. Artıq 7-ci dəqiqədə Elnur Cəfərov rəqibin cərimə meydançası daxilində yaxşı fürsət əldə etsə də, Avram cəld tərpənərək topu ələ keçirdi. 10-cu dəqiqədə Falın ötürməsindən sonra Rüfət Əhmədovun qapının küncünə göndərdiyi topun qarşısını da Avram aldı. 23-cü dəqiqədə qapıçı İqor Rodriges Orxanın pressinqi altında az qala gəncəli azarkeşləri üzəcəkdi. 42-ci dəqiqədə Papunaşvili Avramın mövqeyini itirdiyini görərək uzaq məsafədən şansını yoxlamağa çalışsa da, top qapıdan aralı keçdi. İlk hissədə hücumların sayı baxımından gəncəlilərin üstün olduğu deyə bilərdik.
2-ci hissə də qarşılıqlı hücumlar şəraitində keçdi. 47-ci dəqiqədə Kuzmanoviçin zərbəsi qapıdan aralı keçdi. 66-cı dəqiqədə Orxan Kuzmanoviçi zərbə mövqeyinə çıxara bildi, ancaq İqor bu topun da qapıdan keçməsinə icazə vermədi. Orxanın təkrar zərbəsini də gəncəli müdafiəçilər əngəllədi. 75-ci dəqiqədə heç kimin gözləmədiyi anda səhnəyə Niane çıxdı. Papunaşvili – Əhmədov kombinasiyasının ardından Niane topu naxçıvanlıların qapısından keçirdi. 79-cu dəqiqədə Maşike az qala bu qola cavab vərəcəkdi. Lakin onun təhlükəli zərbəsi qapıdan aralı keçdi. Sonda hər iki tərəfin hücumlarını izlədik, ancaq hesab dəyişmədi. Beləliklə, “Kəpəz” 11 tur sonra qələbə sevinci yaşadı, Azər Bağırovun komandası isə ardıcıl ikinci oyunda uduzdu.
Gözdən qaçmadı
* Oyundan əvvəl PFL-in və "Misli"nin təşkilatçılığı ilə keçirilən "ayın qolu" müsabiqəsinin oktyabr üçün qalibi olan Kadiriyə 1000 manatın çeki verildi.
* 58-ci dəqiqədə "Kəpəz"in məşqçisi Etibar İbrahimov meydana çıxaraq ot örtüyünü düzəltdi.
* Cəzalı olduğuna görə oyunu tribunadan izləyən "Kəpəz"in analtiki İlkin hakimin qərarına etiraz əlaməti kimi skamyanı qopararaq meydanın kənarına atdı.
* Niane qoldan sonra gəncəli şəhid, həmçinin "Kəpəz" azarkeşi olan Əmrah Rəcəbovun öz əli ilə düzəltdiyi bandla qolu qeyd etdi.
CAVİD ƏLİYEV