Son 4 oyunun üçündə qələbə qazanan, yalnız “Sabah”la heç-heçə edən “Araz-Naxçıvan” Sumqayıta da 3 xal üçün yollanmışdı. Amma sən saydığını say, gör Samir Abasov nə sayır…
“Football-plus.az” xəbər verir ki, "kimyaçılar" oyuna fəal başladı və bunun da məntiqi nəticəsi kimi erkən qol vurdu. 16-cı dəqiqədə Rövlan cərimə zərbəsini elə gözəl yerinə yetirdi ki, Avram heç nə edə bilmədi. Qoldan sonra da "Sumqayıt" hücumlarını davam etdirdi. Ninqanın aşırma zərbəsi qapıdan yan keçdi. Rövlan 25-ci dəqiqədə cərimə nöqtəsindən yenidən qapını yoxlasa da, bu dəfə hədəfə düşmədi. 28-ci dəqiqədə Ninqanın zərbəsinə Avram seyvlə cavab verdi. Meydan sahibləri fasiləyə həm oyun baxımından, həm də hesabda üstün yollandı.
2-ci yarıda qonaqların fəallaşacağı gözlənilsə də, Abasovun komandası dominantlıq etdi. Səbuhinin yaxın məsafədən zərbəsinə müdafiəçi ayaq qoydu. Qonaqlardan Maşikenin cəhdindən nəticə hasil olmadı. 61-ci dəqiqədə Nqandonun aşırma zərbəsi zamanı isə Cənnətov qola “yox” dedi. 64-cü dəqiqədə "kimyaçılar"dan Kamran yüzfaizlik qol imkanını boşa verdi. Hər halda, meydan sahibləri fərqi artıra bildi. 65-ci dəqiqədə Kehatın yaxın məsafədən zərbəsinin qarşısını inanılmaz şəkildə alan Avram 69-cu dəqiqədə israillinin dəqiq baş zərbəsinə mane ola bilmədi. Azər Bağırov bundan sonra üçlü dəyişikliklə oyunun axarına müdaxilə etməyə çalışsa da, bacarmadı. “Sumqayıt” bu oyunda aşkar üstün idi.
Gözdən qaçmadı
* Futbolçular meydana dövlət bayrağının rənglərində olan, üzərində işğaldan qurtulan rayonların adı yazılan futbolka ilə çıxmışdı. Start fitindən öncə dövlət himni də səsləndirildi.
* Oyunu izləyənlər arasında yığmanın köməkçi məşqçisi Arif Əsədov da var idi.
* Ninqa 57-ci dəqiqədə zədələnərək meydanı xərəkdə tərk etdi. Bu zaman azarkeşlər onun adını alqışlarla çəkdi.
* Oyundan sonra Samir Abasov və futbolçuları qələbəni azarkeşləriylə birgə qeyd etdi.
ABDULLA İSMAYILOĞLU