Bəs belə darmadağının səbəblərini harda axtaraq: futbolçuların fərdi səhvlərində, yoxsa baş məşqçi Valdas Dambrauskasın qərarlarında, taktiki səhvlərində? 2-ci hissə başlayandan 70-ci dəqiqəyə kimi rəqib aşkar üstün təsir bağışlasa da, litvalı mütəxəssis niyə dəyişikliklərə əl atmadı?
Bu suallar ətrafında təcrübəli mütəxəssis Aslan Kərimovla danışdıq:
“Ümumiyyətlə, məğlubiyyəti fərdi və ya taktiki səhvlərlə əlaqələndirmək düzgün olmazdı. Strateji və taktiki baxımdan “Sabah”ın seçdiyi plan doğru idi. Çünki rəqibin daha çox topa sahib olmaq, oyunu öz nəzarətində saxlamaq istəyəcəyini bilirdilər. Bu zaman müdafiənin arxasında boşluqlar yaranacağını və həmin boşluqlardan istifadə etməli olduqlarını anlayırdılar. Komanda da bunu bacardı və ilk qolu vurdu. Hətta ilk hissədə əlavə qollar da vura bilərdilər. Lakin əks-hücumları həmişə istənilən kimi qurmaq mümkün olmadı. Bəzən özləri bunu bacarmır, bəzən də rəqib imkan vermirdi. Taktiki baxımdan meydanın mərkəzini bağlamağa çalışırdıq. Xaybullayevi 10 nömrə mövqeyinə yerləşdirmişdik. O, müdafiə yönümlü, orta xətdə mübarizə aparmağı bacaran futbolçudu. Bu da mərkəzin bağlanması demək idi. Amma mərkəzi bağladığınız zaman cinahlarda futbolçular təkbətək mübarizələrdə qalmalı olurlar. Rəqib də bundan yaxşı istifadə etdi. Oyunun böyük hissəsində cinahlardan qapımıza çoxsaylı ötürmələr edildi və həmin hücumların birində qol buraxdıq. Standart vəziyyətlər də bu baxımdan önəmli idi. Fərdi səhvlər də var idi. Ancaq həmin səhvlərə rəqib futbolçuların da məcbur etdiyini nəzərə almalıyıq. Ümumilikdə eyni potensiala malik iki komanda qarşılaşırdı və belə oyunlarda nəticəni detallar həll edir. Qırmızı vərəqə də belə detallardan biri oldu. Məncə, komandalar bərabər heyətlə mübarizəni davam etdirsəydi, “Sabah”ın ən azı 1 xal qazanmaq şansı var idi. Amma azlıqda qalandan sonra oyuna qayıtmaq çox çətinləşdi. Buna baxmayaraq, azlıqda oynadığımız vaxtda da təkbətək vəziyyətlərimiz oldu. Rəqib bizi qırmızı vərəqə almağa məcbur etdi, qol imkanlarından yararlandı. Biz isə epizodlarımızı qola çevirə bilmədik. Nəticədə bu amillər məğlubiyyətimizə gətirib çıxardı”.
İSRAYIL XEYRULLAYEV





