Nyu-Yorkda keçirilən, 65 milyon dollar mükafat fonduna malik “US Open” tədricən sona yaxınlaşır.
"Football-plus.az" xəbər verir ki, qadınların turniri həmişə olduğu kimi, yenə də sürprizlərlə zəngindi. Məsələn, dünya reytinqinin 1 nömrəsi İqa Sventekin 1/8 finalda Alyona Ostapenkoya, 5 nömrəsi Ons Jaberin Çjen Sinvenə uduzması Arina Sobolenkonun çempionluq şansını xeyli artırıb. 1/8 finalda Darya Kasatkinanı məğlub edən belaruslu tennisçi ardıcıl 5-ci “Böyük dəbilqə” turnirində 1/4 finala adladı. Arina ümumilikdə 7-ci dəfə belə turnirlərdə 1/4 finala vəsiqə qazandı.
Kişilərin turnirində də maraqlı hadisələr yaşanır. Almaniya təmsilçisi Aleksandr Zverev Yannik Sinnerlə 1/8 final oyununun gedişində azarkeşdən şikayətlənib. O, 4-cü setdə hesab 2:2 olarkən hakimə yaxınlaşaraq azarkeşlərdən birini göstərib və belə deyib: “O, Hitlerin ən məşhur ifadəsini qışqırdı, bu yolverilməzdi”. Oyunun hakimi Ceyms Ketavonq həmin şəxsin əlini qaldırmasını tələb edib. Mühafizə xidməti “Hayl Hitler” qışqıran azarkeşi 10 dəqiqəlik axtarışdan sonra tapıb və kortdan çıxarıb. Qalan azarkeşlər bu hərəkəti alqışlarla qarşılayıb. Yeri gəlmişkən, Zverevin Sinnerlə görüşü 4 saat 41 dəqiqə davam edib. Ötənilki “US Open”i zədə üzündən buraxan Aleksandr qələbəsini belə şərh edib:
“Yəqin artıq qayıtdığımı demək olar. Bunun üçün yaşayıram. Əlbəttə, daha sürətli oynamaq istəyərdim. Ancaq ötən il burda oynaya bilməyəndə məhz gecə saat 2-nin yarısında dolu tribunalar önündə oynamaq üçün darıxırdım. Bu gün necə qalib gəldiyimi bilmirəm. 4-cü setdə artıq sıfırdaydım, qətiyyən gücüm qalmamışdı. Yannikdə də qıcolma olsa da, fiziki durumu daha yaxşı idi. Ancaq 5-ci setdə özümə gəldim. Azarkeşlərin enerjisini hiss etmədən bu mümkünsüz olardı. Açıq deyim ki, bu karyeramdakı ən yaxşı anlardan biridi”.
Daniil Medvedev Aleks De Minaurla görüşün 1-ci setində inqalyator istəyib. Rusiyalı tennisçi 3-cü qeymdən sonra həkimi çağıraraq deyib ki, istilik və rütubət üzündən nəfəs alması çətinləşib. Medvedev ilk setdə uduzsa da, sonradan oyunun axarını dəyişməyi bacarıb.
1/4 finalda Teylor Fritsə qalib gələn Novak Cokoviç adını yarımfinala yazdırdı. 36 yaşlı serb karyerasında 6-cı dəfə bir təqvim ilində “Böyük dəbilqə” seriyalı turnirlərdə yarımfinala qədər irəliləməklə bu göstəricidə kişilər arasında mütləq rekord müəyyənləşdirdi. Cokoviç buna qədər rekordu Rocer Federerlə bölüşürdü. İsveçrəli ulduz 5 dəfə bir təqvim ilində “Böyük dəbilqə” seriyalı turnirlərin hamısında yarımfinala çıxmağı bacarıb. Cokoviçin yarımfinalda Ben Şeltonla qarşılaşacağını da xatırladaq.
Kişilər
1/8 final
Medvedev (Rusiya, 3) - De Minaur (Avstraliya, 12) 2:6, 6:4, 6:1, 6:2
Zverev (Almaniya, 12) - Sinner (İtaliya, 6) 6:4, 3:6, 6:2, 4:6, 6:3
1/4 final
Cokoviç (Serbiya, 2) – Frits (ABŞ, 9) 6:1, 6:4, 6:4
Şelton (ABŞ) - Tiafo (ABŞ, 10) 6:2, 3:6, 7:6 (9:7), 6:2
Medvedev (Rusiya, 3) – Rublev (Rusiya, 8) 6:4, 6:3, 6:4
Alkaras (İspaniya, 1) - Zverev (Almaniya, 12) oyunu gec başa çatıb.
Qadınlar
1/8 final
Çjen Sinven (Çin) - Jaber (Tunis, 5) 6:2, 6:4
Sobolenko (Belarus, 2) - Kasatkina (Rusiya, 13) 6:1, 6:3
1/4 final
Qauff (ABŞ, 6) - Ostapenko (Latviya, 20) 6:0, 6:2
Muxova (Çexiya, 10) – Kirstya (Rumıniya, 30) 6:0, 6:3
Sobolenko (Belarus, 2) - Çjen Sinven (Çin) 6:1, 6:4
Vondruşova (Çexiya, 9) - Kiz (ABŞ, 17) oyunu gec başa çatıb.