"Football-plus.az" xəbər verir ki, İngiltərə yığmasının və “Bavariya”nın ulduzu karyerası ərzində üzləşdiyi çətinliklərdən və Münhen klubuna transferinin karyerasında oynadığı roldan danışıb:
“Demək olar, karyeramboyu insanların mənim haqda düşüncələrinin yanlış olduğunu sübut etmək məcburiyyətində qalmışam. Kimsə mənə “bunu bacarmayacaqsan” deyirsə, mən əksinə, həmin işi bacarmaq üçün daha da səylə çalışıram. Bu baxımdan dahi futbolçuların, eləcə də Tom Bredinin (Amerika futbolu üzrə oyunçu – red.) keçdiyi yola, onların necə qalib mentallığına sahib olduğuna nəzər salmağı sevirəm. Bəlkə də sakit təbiətli olmağım üzündən insanlar eqomun zəif olduğunu düşünə bilərlər. Ancaq sakit olmağım o demək deyil ki, hədəfə çatmağa can atmıram və ya başqaları qədər üzərimdə işləmirəm. Karyeramda bir çox çətin anlardan keçməli olmuşam. “Arsenal”ın akademiyasından qovulmağımın, eləcə də “Tottenhem”dəki ilk məşqçilərimin mənə az şans vermələrinin yanlış olduğunu sübut etdim. Uğursuz icarələrim də olub. Və əlbəttə, Qətərdəki dünya çempionatında qaçırdığım penalti də mənim üçün ciddi psixoloji zərbə olmuşdu. Ancaq məhz həmin zərbədən sonra ardıcıl 30 penaltini dəqiq vurdum! Yəni neqativ anlardan motivasiya mənbəyi kimi istifadə edirəm. Mənim də eqom var. Çünki hamıdan üstün olmağa çalışıram. Sadəcə, bu eqomu göstərmirəm. 2023-cü ildə “Bavariya”ya yollanmaq həm karyeram, həm də ailəm üçün çox mühüm bir qərar oldu. Özümü fərqli mühitdə, fərqli səviyyədə sınamaq, nəyə qadir olduğumu görmək istəyirdim. Bu kluba ayaq basdığım ilk gündən inanılmaz sevgi və dəstəklə üzləşdim. Komanda yoldaşlarımın, klub personalının, məşqçi korpusunun dəstəyi olmadan “Qızıl top”u qazana bilməzdim. Məni əhatə edən futbolçuların səviyyəsini nəzərə alanda bilirdim ki, onların sayəsində mənim də ən yaxşı keyfiyyətlərim üzə çıxa bilər. “Bavariya” çox böyük klubdu. Həmişə böyük oyunlarda iştirak edir, titullar qazanır, çoxlu qol vurur. Məhz belə mühitə düşəndən sonra anladım ki, daha öncə adamların məndən gözləmədikləri zirvələri fəth edə bilərəm. “Bavariya”ya transferim məhz bu baxımdan böyük önəm kəsb edir. Komanda və ətrafımdakı insanlar mənə tam yeni səviyyəyə yüksəlməyə yardım etdilər. Ona görə də etiraf etməliyəm ki, “Qızıl top”u qazanmağımda ən başlıca rolu məhz “Bavariya” oynayıb”.
Bu mövsüm bundesliqada qollardan çox məhsuldar ötürmələri ilə diqqəti çəkən Keyn həm də “fərqli mövqedə oynaya bilərsizmi” sualına cavab verib:
“Əslində nə vaxtsa özümü fərqli mövqedə yoxlamaq maraqlı olardı. Mən hələ “Tottenhem”in akademiyasında yarımmüdafiədə və başqa mövqelərdə oynamışdım. Maurisio Poçettino “Tottenhem”də mənə güvənməyə başlayan ilk məşqçi oldu. Amma o məni yalnız mərkəz hücumçusu mövqeyində görürdü. Çünki məhsuldarlığım yaxşı idi və müdafiəçilərin arxasına açılmağı xoşlayırdım. Fərqli keyfiyyətlərimi üzə çıxaran məşqçi isə Joze Mourinyo oldu. O mənə meydanda əsl sərbəstlik verdi. Çoxdan bilirdim ki, ötürmə vermək bacarığı üstün tərəflərimdən biridi. Meydanın dərinliklərinə çəkildikdə hətta pressinq altında da topu komanda yoldaşlarıma çatdırmağı bacarıram. Bəzi mövsümlərdə premyer-liqada həm ən yaxşı pleymeyker mükafatını, həm də “Qızıl buts”u qazanmışdım. “Bavariya”da da həm oyun tərzimiz, həm də Kompaninin mənə sərbəstlik verməsi sayəsində bu keyfiyyətimi göstərə bilirəm. Ümumiyyətlə, son illərdə oyunu daha yaxşı anlamağa başlamışam. Belə oynamaq və paralel şəkildə qollar vurmaq xoşuma gəlir. Hər halda, ötən mövsüm karyeramın ən məhsuldar dönəmini keçirdim. Bu da onu göstərir ki, futbol oynamağın və qollar vurmağın təkcə bir üsulu yoxdu. Müxtəlif üsulları var”.





