Rəqib Lixtenşteyn idi. FIFA reytinqində 207-ci pillədə qərarlaşan, futbol ölkəsi kimi ciddi iddiaları olmayan, Millətlər Liqasının D liqasında belə özünə yer tapmaqda çətinlik çəkən bir komanda. Belə rəqibə qarşı 29 zərbə endirəsən, 11 dəfə qapı çərçivəsinə düşəsən, topa 65 faiz sahib olasan, 9 künc zərbəsi qazanasan, amma meydanı cəmi 1 qolla tərk edəsən. Bunun adı qələbədi, ancaq fəxr ediləsi qələbə deyil. Daha doğrusu, utandırıcı qələbədi!
Noyabrın 13-də Vadutsda keçirilən qarşılaşmada Azərbaycan millisi Mahir Emrelinin 26-cı dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazandı. Kağız üzərində hər şey qaydasındadı. 3 xal, qrup liderliyi. Amma bir qədər dərinə getsək, rəqəmlərin arxasında kifayət qədər ciddi suallar gizlənir.
Gəlin, oyunun statistikasına baxaq. Topa sahibolma – 65:35, zərbələr – 29:5, qapı çərçivəsinə düşən zərbələr – 11:0, künc zərbələri – 9:1. Rəqibin qapıçısı 10 dəfə seyvlə yadda qalıb. Bizim qapıçımızın isə heç bir seyv etməsinə ehtiyac qalmayıb. Üstəlik, gözlənilən qollar göstəricisində üstünlük 1,81:0,36 olub. Bir sözlə, meydanda aşkar üstünlük var, amma hesab tablosunda bunu görmək mümkün deyil.
Bəli, rəqibin qapıçısının yaxşı oyununu da qeyd etmək lazımdı. Benjamin Büxel bir neçə epizodda komandasını real qoldan xilas edib. Ancaq bütün bunlar millimizin hücumdakı uğursuzluğuna haqq qazandırmır. 29 zərbənin cəmi 11-nin qapı çərçivəsinə düşməsi, üç real qol imkanının boşa verilməsi, bu qədər üstünlüyün cəmi bir qolla nəticələnməsi hücum xətti ilə bağlı ciddi suallar yaradır.
Söhbət hansısa Avropa nəhəngindən, müdafiə xəttində dünya ulduzları olan komandadan getmir. Lixtenşteyn! 37 min əhaliyə malik, futbolçularının əksəriyyəti ayrı peşələrdə çalışan yığma, Azərbaycan millisi belə rəqibə qarşı oyunun taleyini həll etmək üçün 90 dəqiqə ərzində cəmi bir qol vura bildi. Halbuki matçın statistikası daha böyükhesablı qələbənin mümkün olduğunu göstərirdi. Bir az dəqiqlik, bir az soyuqqanlılıq, bir az da hücumda keyfiyyət olsaydı, hesab tam fərqli görünə bilərdi.
Əlbəttə, qələbə 3 xaldı. Millimizin D2 qrupunu lider kimi başa vurması müsbət nəticədi. Bunu heç kim inkar etmir. Ancaq nəticənin yaxşı olması oyunun bütün çatışmazlıqlarını ört-basdır etməməlidi. Xüsusən də belə rəqibə qarşı.
Lixtenşteynlə oyunda 29 zərbədən yalnız bir qol çıxaran komanda daha keyfiyyətli rəqiblərə qarşı hansı hücum potensialı ortaya qoyacaq? D liqasında belə fürsətləri dəyərləndirə bilməyən millinin C liqasında nəyə ümid edəcəyini indidən düşünmək lazımdı.
Qələbə var, inkişaf sual altındadı. Hesabda üstünük var, futbolçuların keyfiyyəti baxımından isə hələ görüləsi çox iş var…
İSRAYIL XEYRULLAYEV
Pirr qələbəsi - 29 imkan, 1 qol
Ölkə futbolu / Manşet





