Fransada keçirilən “Rolan Qarros”da ilk həftə arxada qaldı.
"Football-plus.az" xəbər verir ki, həm kişilərin, həm də qadınların mübarizəsində 1/4 finala adlayanlar bəllidi. Bu turnirdə 2001-ci ildən bəri ilk dəfə 30 beşsetlik oyun keçirilib. 30-cu belə oyunda yaponiyalı Nişioka braziliyalı Uayldı məğlub etdi. “Rolan Qarros”da cəmi 5-ci dəfə ən azı 30 beşsetlik oyun baş tutub. Sonuncu dəfə belə hadisə 2001-də (33) yaşanıb.
Rusiya ilə Ukrayna arasındakı məlum münasibətləri nəzərə alsaq, bu iki ölkənin tennisçilərinin Paris turnirindən də haqq-hesab çəkmək imkanı kimi yararlanmasını anlamaq olar. Rusiyalı Anna Blinkovanın ukraynalı Elina Svitolinaya uduzduğu görüş 2 saat 16 dəqiqə davam edib. Oyundan sonra rəqiblər bir-birinin əlini sıxmayıb. Svitolina Blinkovaya baş barmağını yuxarı qalxmış vəziyyətdə göstərib. Blinkova cavabında başını bulayıb. Rusiyanın tennis ictimaiyyəti Kasatkinanın 1/8 finalda həmvətəninin qisasını alacağına bel bağlasa da, Svitolina bu rəqibi də məğlub etdi.
Kişilər arasında qələbəyə əsas namizədlərdən biri Novak Cokoviçdi. Serbiyalı ulduz 1/8 finalda perulu Xuan Pablo Varilyası məğlub etdi.
Cokoviç “Rolan Qarros”da ardıcıl 14-cü, “Böyük dəbilqə” turnirlərində isə 54-cü dəfə 1/4 finala vəsiqə qazandı. O, bu mərhələdə şəxsi oyunlarda 8:1 üstün olduğu erməni əsilli Rusiya təmsilçisi Karen Xaçanov ilə qarşılaşacaq.