"Artıq çempionluq uğrunda mübarizə aparan komandaların sayı bəlli deyil" - Azərbaycan çempionatına baxırsız?

14.11.2026 22:59 63
Ölkə futbolu / Manşet
Ölkə çempionatının car mövsümü əvvəlki illərlə müqayisədə daha maraqlı və rəqabətli keçir. Ən azı 4 komanda - "Sabah", "Qarabağ", "Neftçi" və "Turan Tovuz" çempionluğa iddiasını gizlətmir. Hələ "Zirə", hər oyun azı 10 min azarkeşin dəstəyi altında oynayan "Kəpəz", büdcə baxımından geri qalsa da, bütün rəqiblərlə layiqincə mübarizë aparan “Şamaxı” da var.

Bəs indi çempionatımız nə dərəcədə maraqlı keçir? Azərbaycan futbolu ilə maraqlanmayan şəxslər üçün də cəlbedici hesab etmək olarmı? Fərqli oyun üslubu ilə hansı komandalar seçilir?

“Football-plus.az” bu suallara cavab tapmaq üçün təcrübəli mütəxəssis Aslan Kərimova müraciət edib:

“Maraq baxımından hər şey nisbidi. Təbii ki, Azərbaycan premyer-liqasını İspaniya La Liqası ilə müqayisə etmək düzgün olmaz. Ancaq keçmiş illərlə müqayisə etsək, mənə elə gəlir ki, son 5-6, hətta 10-15 ilin ən maraqlı çempionatı hazırda keçirilir. Çünki artıq çempionluq uğrunda mübarizə aparan komandaların sayı bəlli deyil. Bu mübarizə yalnız bir və ya iki kollektiv arasında getmir, bir neçə komanda titul uğrunda iddia ortaya qoyur. Bu da istər-istəməz çempionatın marağını və gərginliyini artırır. Oyunlar nə qədər gərgin və maraqlı keçərsə, çempionata maraq da bir o qədər yüksələr.

Fərqli oyun üslublarına gəlincə, burda da dəyişiklik var. Məsələn, “Qarabağ” və “Sabah” fərqli oyun anlayışına və fəlsəfəsinə malikdi. “Neftçi”nin yanaşması bir qədər başqadı. “Turan Tovuz” tam fərqli oyun fəlsəfəsi ilə çıxış edir. “Zirə”nin də özünəməxsus üslubu var. Ümumilikdə oyun fəlsəfəsini və üslubunu daim qoruyub-saxlamağa çalışan bir neçə komanda var. Bunlar əsasən “Sabah”, “Qarabağ”, müəyyən mənada “Neftçi”, xüsusilə “Turan Tovuz” və “Zirə”di.

Digər komandalar isə daha çox rəqibə uyğunlaşmağa çalışırlar. Məsələn, “Qəbələ” “Şəfa” ilə qarşılaşmada bir oyun üslubu seçirsə, “Sabah”a qarşı tam fərqli taktika ilə çıxış etməyə məcbur olur. Eyni sözləri “Şamaxı” və “Kəpəz” haqda da demək olar. Bu komandaların imkanları bütün rəqiblərə qarşı istədikləri futbolu sərgiləməyə yetmir. Buna görə də ilk "beşlik"dən aşağıda qərarlaşan kollektivlər daha dəyişkən oyun nümayiş etdirirlər. Bəzən müdafiəyə, bəzən hücuma üstünlük verirlər. Məqsəd isə mümkün qədər çox xal toplamaq və qələbə qazanmaqdı. Başqa sözlə, üç xal uğrunda bu cür dəyişikliklərə getmək məcburiyyətində qalırlar.

Ümumilikdə premyer-liqanı ilk növbədə öz keçmişimizlə müqayisə edə bilərik. Qazaxıstan və Belarus çempionatlarını izləmədiyim üçün həmin liqalarla müqayisə aparmağım düzgün olmaz. Üstəlik, onların səviyyəsinin bizdən yüksək olduğunu düşünmürəm. Almaniya, İtaliya, İspaniya, Fransa və İngiltərə kimi ölkələrin çempionatları isə tam başqa səviyyədədi. Azərbaycan liqasını onlarla müqayisə etmək doğru olmaz”.


İSRAYIL XEYRULLAYEV