Yeni mövsümün başlamasına az qalmış isə “Kəpəz”lə müqavilə imzaladı. Klub oyunçunu “bəxtiyar olduq” devizi ilə elan etdisə, o özü Gəncə təmsilçisinin saytına açıqlamasında ən yaxşı seçimin “Kəpəz” olduğunu bildirdi. Üstündən bir həftə keçməmiş maraqlı hadisə yaşandı. Belə ki, Bəxtiyar “Kəpəz”dən ayrılaraq Türkiyənin 1-ci liqa təmsilçisi “Tuzlaspor”la ikiillik müqavilə imzalandı. Gözlənildiyi kimi, azarkeşlər bunu birmənalı qarşılamadı. Xatırlayırsızsa, daha əvvəl Zamiq Əliyev də “sarı-göylər”lə münasibətləri rəsmiləşdirdikdən sonra müqaviləyə xitam verildi və o, “Araz-Naxçıvan”a yollandı. Ölkə futbolunda az rast gəlinən hadisənin 1 ay ərzində iki dəfə “Kəpəz”də yaşanması tərəfdarları qıcıqlandırmaya bilməzdi. Onlar həm klubun, həm də Bəxtiyarın ünvanına tənqid yağdırdı.
“Football-plus.az” məsələni aydınlaşdırmaq məqsədilə futbolçu ilə danışmağı lazım bildi:
“Hazırda Türkiyədəyəm. Yeni klubumda işlər qaydasındadı. Bura gəlmək haqda qərarım ani olmadı. Daha əvvəl başqa Türkiyə klubu ilə anlaşmaq üzrəydik. Alınmadı. Ehtimal edirdim ki, qardaş ölkədən növbəti təklif gələcək. Bu üzdən “Kəpəz” rəhbərliyindən xahiş etdim ki, müqaviləyə müvafiq bənd əlavə olunsun. Sağ olsunlar, istəyimə hörmətlə yanaşdılar. İradlara gəlincə, hər azarkeş istəyər ki, komandası güclü olsun. Tənqidlər müəyyən çərçivədə olduqca normal qarşılayıram. “Kəpəz”ə uğurlar arzulayıram. Azərbaycan futbolunu qardaş ölkədə təmsil etmək isə mənə xoşdu. Əlimdən gələni edəcəyəm ki, özümü yaxşı tərəfdən göstərim. Məncə, hər kəs yerli futbolçunun başqa ölkənin klubunda çıxış etməsinə sevinməlidi”.
KƏNAN BAHADIR





